Rəsmi Vaşinqton ABŞ-nin silahlı "Kataib Səyyid əl-Şühəda" qruplaşmasının lideri Haşim Finyan Rahim əl-Saraci haqqında məlumat toplamağa çalışdığını bildirərkən; "İranla əlaqəli" qrupun ABŞ və İraq hədəflərinə hücumlar təşkil etdiyini iddia edib
ABŞ Dövlət Departamenti Vaşinqtonun terror təşkilatı kimi tanıdığı “İranpərəst” iraqlı silahlı qrup "Kataib Səyyid əl-Şühəda"nın (KSS) lideri haqqında məlumat verənlərə 10 milyon dollara qədər mükafat vəd edib.
ABŞ rəsmiləri aprelin 23-də sosial media paylaşımında "Əbu Alaa əl-Vəlai" olaraq da tanınan KSS lideri Haşim Finyan Rahim əl-Saraci haqqında məlumat axtarışında olduqlarını bildiriblər.
Vaşinqton qrupun "İraqlı mülki şəxsləri öldürdüyünü və İraqdakı ABŞ diplomatik obyektlərinə hücum etdiyini; həmçinin İraq və Suriyadakı ABŞ hərbi bazalarını və şəxsi heyətini hədəf aldığını" qeyd edib.
Paylaşımda əl-Saracinin yeri barədə məlumat verənlərin "yaşayış yerinin dəyişdirilməsi və mükafat almaq hüququ qazana biləcəyi" bildirilib.
Əl-Saraci parlamentdə çoxluğa sahib olan "Koordinasiya çərçivəsi" ittifaqı daxilində mandata malikdir.
"İranpərəst" qruplar İraqın paytaxtındakı ABŞ səfirliyini, Bağdad hava limanındakı diplomatik və lojistik obyekti və xarici şirkətlərin idarə etdiyi neft yataqlarını hədəf alıblar.
Onilliklər boyu davam edən münaqişələrdən sonra yaxın vaxtlarda bir qədər sabitlik qazanan İraq, ABŞ və İsrailin 28 fevralda İrana hücum etməsi ilə alovlanan Yaxın Şərq müharibəsinə dərhal daxil oldu.
Bu ayın əvvəlində, keçən ay amerikalı jurnalist Şelli Kittlesonu (Shelly Kittleson) qaçıran və bir həftəlik saxlanılmadan sonra sərbəst buraxan digər bir iraqlı silahlı qrup "Kataib Hizbullah"ın lideri üçün də bənzər bir mükafat təklif edilmişdi.
Türkiyənin “Anadolu” xəbər agentliyinin məlumatına görə, ABŞ keçən həftə İraqdakı yeddi "İranpərəst" milis komandirinə "İraqdakı ABŞ şəxsi heyətinə, obyektlərinə və maraqlarına qarşı hücumlar planlaşdırmaq, idarə etmək və həyata keçirmək" ittihamı ilə sanksiya tətbiq edib.
Maliyyə Nazirliyi tərəfindən yayımlanan bəyanatda "Bugünkü əməliyyatda hədəf alınan şəxslər İraqın ən zorakı İranpərəst milis təşkilatlarından bəzilərinin liderləridir. Bunlar arasında Kataib Hizbullah, Kataib Səyyid əl-Şühəda, Harakat ən-Nücəba və Əsaib Əhlül-Həqq yer almaqdadır" ifadələri işlədilmişdi.









