Yaxın Şərqdəki müharibənin kölgəsində minlərlə amerikalı və filippinli hərbçi ilk dəfə olaraq mühüm bir Yaponiya birliyinin də iştirakı ilə bu gün (20 aprel 2026) illik hərbi təlimlərinə başlayıb.
"Müharibə oyunları" ölkənin şimalında, Tayvan boğazına baxan bölgədə və mübahisəli Cənubi Çin dənizi sahilindəki bir əyalətdə real döyüş sursatları ilə keçiriləcək təlimləri əhatə edəcək.
1400 personal göndərən Yaponiya ordusu şimaldakı Paoay sahillərində hədəf gəmisini batırmaq üçün "Type 88" qanadlı raketindən istifadə edəcək.
Avstraliya, Yeni Zelandiya, Fransa və Kanadadan olan hərbçilərin də yer aldığı 19 günlük "Balikatan" və ya "Çiyin-çiyinə" təlimlərində 17 mindən çox əsgər, hava heyəti və dənizçi iştirak edir.
ABŞ təlimlərinin sözçüsü, polkovnik-leytenant Robert Bunn təlimlərin "azad və açıq Hind-Sakit okean regionuna olan sadiqliklərini" göstərdiyini qeyd edib. O, həmçinin əlavə edib ki, ABŞ hərbi personalının sayı ölkəsinin apardığı Yaxın Şərq müharibəsindən təsirlənməyəcək.
Regional gərginlik nöqtələri
"Balikatan" təlimi İran, Amerika Birləşmiş Ştatları və İsrail arasındakı müharibəni dayandıran iki həftəlik atəşkəsin başa çatmasına cəmi bir neçə gün qalmış reallaşır.
Münaqişə enerji qiymətlərində qlobal böhrana səbəb olarkən, idxaldan asılı olan Filippini də sarsıdıb.
Təlimlər Pekinin Tayvan ətrafında hərbi təzyiqi artırdığı bir dövrdə təşkil olunur. FilippinpPrezidenti Ferdinand Markos ötən ilin noyabrında "Tayvan səbəbindən çıxacaq bir müharibə, Filippini də istəmədən münaqişənin içinə sürükləyəcək" ifadələrini işlətmişdi.
Təlimlər çərçivəsində PUA-lara qarşı texnologiyalar da daxil olmaqla, inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemləri sınaqdan keçiriləcək.
Yaponiya bir tank desant gəmisi, bir esminets (məhv edici) və bir helikopter daşıyan gəmi yerləşdirərkən, ABŞ isə Filippin və Kanada freqatlarına qoşulmaq üçün bir patrul gəmisi və bir dok-desant gəmisindən istifadə edəcək.










