FİFA prezidenti Canni İnfantino ABŞ və İsrail ilə davam edən müharibəyə baxmayaraq İranın 2026-cı il dünya çempionatında mütləq iştirak edəcəyini bəyan edib. CNBC-yə açıqlama verən C.İnfantino İran milli komandasının turnirdə iştirak edəcəyini təsdiqləyərək o vaxta qədər vəziyyətin sülh yolu ilə həll olunacağına və idmanın bu prosesə müsbət töhfə verəcəyinə ümid etdiyini bildirib. İyun ayında ABŞ-da keçiriləcək oyunlara toxunan FİFA rəhbəri İranın turnirə vəsiqə qazandığını, futbolçuların oynamaq istədiyini və komandanın öz xalqını təmsil etdiyini vurğulayaraq onların mütləq gəlməli olduqlarını qeyd edib. İdmanın siyasətdən uzaq qalmasının vacibliyini vurğulayan İnfantino bildirib ki, FİFA tərəflər arasında “körpü qurmaq” missiyasını davam etdirir.
Qeyd edək ki, fevralın 28-dən bəri davam edən hərbi münaqişə səbəbindən İranın turnirdəki iştirakı sual altında idi. Özbəkistanla 2:2 hesablı heç-heçədən sonra İran dünya çempionatına vəsiqə qazanıb və ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi edəcəyi turnirdə mübarizə aparacaq. FİFA-nın cədvəlinə əsasən, G qrupunda yer alan İranın bütün qarşılaşmaları ABŞ-da baş tutacaq. Belə ki, komanda iyunun 15-də Los-Ancelesdə Yeni Zelandiya, iyunun 21-də eyni məkanda Belçika, iyunun 26-da isə Sietldə Misir yığması ilə üzləşəcək.

