Rusiyanın Tambov vilayətinin qubernatoru Yevgeni Pervışovun iyulun 18-də (bu gün) verdiyi bəyanata görə, Ukraynanın Rusiyanın qərbində yerləşən logistika mərkəzinə pilotsuz uçuş aparatı (PUA) ilə təşkil etdiyi hücumda 7 nəfər həlak olub, 24 adam isə yaralanıb.
Y.Pervışov deyib: "Düşmən PUA-larının «Wildberries» logistika mərkəzinə zərbə endirməsi nəticəsində gecə növbəsində işləyən yeddi nəfər həyatını itirib". O, Kotovsk şəhərində baş verən hücumda ilkin məlumatlara görə 24 nəfərin yaralandığını da diqqətə çatdırıb.
Rusiyanın “Wildberries” şirkəti də bəyanat yayaraq, Kotovsk və Moskva vilayətinin Elektrostal şəhərindəki logistika komplekslərinin hücuma məruz qaldığını təsdiqləyib.
Şirkətin açıqlamasında "Tambov vilayətindəki obyektdə baş verən yanğın nəzarət altına alınıb", - deyə qeyd olunub. Həmçinin Elektrostal şəhərində yanğınsöndürənlərin hələ də fəaliyyətini davam etdirdiyi bildirilib.
Paytaxt Moskvanın meri Sergey Sobyanin iyulun 18-də açıqlama verərək deyib ki, gecə ərzində Moskva vilayətinə doğru 370-dən çox PUA buraxılıb.
S.Sobyanin “MAX” platforması hesabında deyib: "PUA-ların böyük hissəsi hava hücumundan müdafiə qüvvələri tərəfindən uzaq məsafələrdə zərərsizləşdirilib. Moskvaya yaxınlaşarkən isə düşmənin 64 PUA-sı məhv edilib".
Qeyd edilir ki, rəsmi Vaşinqtonun diqqətini İran müharibəsinə yönəltməsi səbəbilə, Ukrayna ilə Rusiya arasındakı münaqişəni dayandırmağa yönəlmiş ABŞ-nin rəhbərlik etdiyi diplomatik səylər qeyri-fəal vəziyyəttədir.


















