ABŞ ordusu İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hörmüz boğazından keçən ticarət gəmisinə hücumuna cavab olaraq İrana qarşı yeni hava hücumu dalğasına başladığını açıqlayıb.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) "X" səhifəsində edilən paylaşımda hücuma məruz qalan gəmiyə ciddi ziyan dəydiyi və bir heyət üzvünün itkin düşdüyü bildirilib.
Paylaşımda tərəflər arasında iyunun 16-da imzalanan sülh sazişinə də toxunulub.
"İrana Anlaşma Memorandumuna riayət etdiyini nümayiş etdirmək üçün daha bir şans verilmişdi, lakin Tehran bu fürsətdən istifadə edə bilmədi. Buna cavab olaraq, ABŞ ordusu boğazda naviqasiya azadlığını təmin etmək, mülki dənizçiləri qorumaq və İranın hücum potensialını zəiflətmək məqsədilə bu ölkəyə ağır zərbələr endirdi’’,-deyə paylaşımda vurğulanıb.
İranın IRIB telekanalı ölkənin cənubundakı strateji bölgələrdə güclü partlayışların baş verdiyini təsdiqləyib. Məlumata görə, Bəndər-Abbasda üç, Çabaharda iki, Buşehr əyalətinin Bəndər-Deyr şəhərində beş və Asaluyə bölgəsində isə dörd güclü partlayış baş verib.
Hadisədən əvvəl Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Oman sahillərindən təxminən 9 dəniz mili (16 kilometr) məsafədə baş vermiş insident barədə xəbərdarlıq yayıb. Qurumun bəyanatında qeyd olunur ki, konteyner gəmisinin arxa hissəsi vurulub və bu göyərtədə yanğına səbəb olub. UKMTO bölgədəki bütün mülki gəmiləri ehtiyatlı olmağa çağırıb.





















