DÜNYA
2 dəqiqə oxuma
Mark Rutte Türkiyənin müdafiə sənayesi sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndirib
NATO-nun baş katibi Mark Rutte Müdafiə Sənayesi Forumu çərçivəsində təşkil edilən paneldə Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen ilə birgə çıxış edib.

Mark Rutte Türkiyədə müdafiə sənayesinin birbaşa Prezident Aparatına tabe olan Müdafiə Sənayesi İdarəsi tərəfindən idarə olunduğunu, kiçik, orta və irimiqyaslı olmaqla təxminən 3000 müdafiə şirkətinin bir-biri ilə sıx əməkdaşlıq etdiyini bildirib. O, bu şirkətlərin ilk növbədə Türkiyənin daxili ehtiyaclarını qarşıladığını, eyni zamanda bütün NATO bölgəsinə və digər ölkələrə ixracat reallaşdırdığını xatırladıb. Mark Rutte qeyd edib ki, bu, olduqca maraqlı bir modeldir və bəzi müttəfiqlər bu təcrübəni öz ölkələrində tətbiq etməyin yollarını araşdırırlar. Baş katib bunu müdafiə sənayesində cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu bir yanaşma nümunəsi kimi xarakterizə edib.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen isə Aİ ilə NATO arasındakı tərəfdaşlığın önəmini vurğulayaraq Türkiyənin alyans daxilindəki strateji roluna diqqət çəkib. Türkiyənin hər zaman ittifaq daxilində çox mühüm rol oynadığını bildirən Ursula fon der Leyen bu amilin Aİ ilə münasibətlər baxımından da böyük əhəmiyyət daşıdığını ifadə edib.

Ursula fon der Leyen SAFE (Avropa üçün Təhlükəsizlik Fəaliyyəti) çərçivəsində Türkiyə ilə birgə işləmək imkanlarının mövcudluğunu diqqətə çatdırıb. Komissiya sədri həmçinin bildirib ki, 2030-cu ilə qədər nəzərdə tutulan 800 milyard avroluq investisiya paketi üzv dövlətlərin müdafiə büdcələrini hansı sahələrə yönəldəcəkləri ilə bağlı qərarlarından asılıdır və bu layihə Türkiyə ilə çox sıx əməkdaşlıq üçün geniş imkanlar yaradır.