Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 30-a çatıb, şəhərdə matəm elan olunub. Kiyev meri Vitali Kliçko Rusiya ordusunun paytaxta təşkil etdiyi intensiv hava hücumlarından sonra aparılan axtarış-xilasetmə tədbirlərinin son nəticələrini açıqlayıb. Merin sosial media hesabı vasitəsilə verdiyi məlumata görə, ölənlərin sayı 30 nəfərə yüksəlib. Ərazidə xilasetmə işlərinin hələ də davam etdiyini bildirən Vitali Kliçko hücum nəticəsində yaralananların ümumi sayının 92-yə çatdığını diqqətə çatdırıb. O, hazırda 4-ü uşaq olmaqla 56 zərərçəkənin xəstəxanalarda müalicəsinin davam etdirildiyini qeyd edib. Qeyd edək ki, hakimiyyət iyulun 3-nü Kiyevdə matəm elan edib
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın digər vilayətlərini də hədəf aldığı məlum olub. Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin yaydığı rəsmi bəyanatda qeyd olunur ki, gecə saatlarında Sumı, Dnepropetrovsk və Xarkov bölgələrinə endirilən hava zərbələri nəticəsində biri uşaq olmaqla daha 5 dinc sakin həyatını itirib, 19 nəfər isə xəsarət alıb.
















