Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada 7-8 iyul tarixlərində keçiriləcək NATO sammitinin "təcrübə mübadiləsi üçün ən güclü platforma" olacağını ifadə edib.
İstanbulda NATO parlament sədrlərinin şərəfinə verilən nahar yeməyində çıxış edən Ərdoğan Ankaranın müttəfiqləri ilə həm "regional böhranları idarəetmə sahəsindəki müstəsna bacarığını", həm də ittifaq daxilindəki köklü təcrübəsini paylaşdığını bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan İstanbuldakı NATO Parlament Assambleyasının Sammitində etdiyi çıxışda qitələrin və mədəniyyətlərin qovşağı olan İstanbulda iştirakçılarla bir araya gəlməkdən böyük məmnunluq duyduğunu söyləyib.
NATO Parlament Sammitinin səmərəli keçməsini arzulayan Prezident Ərdoğan sammitə töhfə verəcək hər kəsə təşəkkür edib.
Bu mühüm toplantının 7-8 iyulda Ankarada keçiriləcək NATO Dövlət və Hökumət Başçılarının Sammiti öncəsində xüsusi əhəmiyyət kəsb etdiyinə inandığını bildirən Prezident Ərdoğan "Müttəfiq ölkə parlamentləri arasında əməkdaşlıq və həmrəyliyin gözəl bir rəmzi kimi gördüyüm bu sammitin təşkilində əməyi keçənləri təbrik edir, işlərinizdə uğurlar arzulayıram" ifadəsini işlədib.
Prezident Ərdoğan "Avro-Atlantika təhlükəsizliyi tarixi bir dövrdən keçir. İttifaqımızın xüsusilə şərq və cənub-şərq sərhədlərində baş verən müharibə, böhran, terror və qeyri-qanuni miqrasiya kimi təhdidlər təhlükəsizlik anlayışımızı yenidən formalaşdırmağı tələb edir. Köhnə formalar, köhnə ilkin qənaətlər bir-bir yıxılarkən, onların yerini nəyin tutacağı, nəyin əvəzləyəcəyi hələ məlum deyil. Sabitlik əvəzinə gərginliyin, nizam əvəzinə xaosun artdığı, proqnozlaşdırıla bilənliyin azaldığı, gələcəkdə nə ilə qarşılaşılacağını kimsənin təxmin edə bilmədiyi bir qeyri-müəyyənlik dövrünün tam mərkəzindəyik" deyib.
Dövlət başçısı Ərdoğan mövcud geosiyasi tənliyin NATO-nun üzərinə götürdüyü rolun əhəmiyyətini artırdığını vurğulayaraq, "Türkiyə olaraq yeni dövrün ruhunu ən yaxşı oxuyan ölkələrdən biriyik. Böhran bölgələri ilə 1 800 kilometrdən çox quru sərhədinə malik olan Türkiyə güclü ordusu, müasir hərbi imkanları, inkişaf etmiş müdafiə sənayesi ilə 70 ildən artıqdır ki, NATO-nun təhlükəsizliyinə töhfə verən müttəfiqlərin başında yer alır. NATO missiyalarında aktiv fəaliyyət göstərir, sülh və sabitliyin qorunmasına dəstək veririk. Gərək regional böhranları idarəetmədəki müstəsna bacarığımızı, gərəksə də NATO daxilindəki zəngin təcrübəmizi müttəfiqlərimizlə bölüşürük. Ankara Sammiti təcrübə mübadiləsinin ən güclü platforması olacaqdır" fikrini paylaşıb.
Prezident Ərdoğan təkcə müttəfiqlər arasında deyil, dünya miqyasında da Ankara Sammitinə böyük bir marağın olduğunu müşahidə etdiklərini bildirərək bunları qeyd edib:
"Parlamentarilər olaraq ən təməl insan hüquqlarının başında gələn yaşamaq hüququnu zəmanət altına almaq kimi çox mühüm bir məsuliyyəti üzərinizə götürürsünüz. Xalqlarımızın bizdən tələbi gələcək nəsillərin hüzur, rifah və sülh şəraitində yaşamasını təmin edəcək mühitin yaradılmasıdır. Sammitdən əsas gözləntimiz müttəfiqlərin milli təhlükəsizlik həssaslıqlarını nəzərə alan, alyans həmrəyliyini və birlik ruhunu gücləndirən nəticələrin əldə olunmasıdır".






















