AZƏRBAYCAN
2 dəqiqə oxuma
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanda rəsmi səfərdə olub
İki ölkə arasında mühüm sənədlər imzalanıb, Azərbaycan Türkmənistana neft tankeri hədiyyə edib
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanda rəsmi səfərdə olub
Türkmənistan Prezidenti Berdiməhəmmədov Azərbaycandadır

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana reallaşdırdığı rəsmi səfər çərçivəsində Prezident İlham Əliyev ilə bir araya gəlib. Keçirilən görüşlərdə nəqliyyat, energetika, iqtisadiyyat və sənaye başda olmaqla, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Səfər çərçivəsində Azərbaycan Prezident İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə Azərbaycandan Türkmənistana hədiyyə edilən "Dostluq" neft tankerinin təhvil-təslim mərasimi keçirilib.

Bakı Gəmiqayırma Zavodunda inşa edilən tankerin uzunluğu 141 metr, eni 16,9 metr təşkil edir. Yükdaşıma qabiliyyəti 7.875 ton olan tanker iki ölkə arasındakı dostluq və əməkdaşlığın mühüm rəmzlərindən biri kimi qiymətləndirilir.

Görüşlərin yekununda İlham Əliyev və Sərdar Berdiməhəmmədov birgə bəyannamə imzalayıblar. Bundan başqa, hər iki ölkənin aidiyyəti qurumları arasında gömrük, idman, əmək və əhalinin sosial müdafiəsi, səhiyyə, qida təhlükəsizliyi, sənaye, energetika, kənd təsərrüfatı, iqtisadiyyat və maliyyə sahələrində müxtəlif sazişlər və qarşılıqlı anlaşma memorandumları imzalanıb.

Sənədlərin imzalanma mərasimindən sonra dövlət başçıları mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev nəqliyyat və loqistika sahəsindəki əməkdaşlığın təkcə iki ölkə üçün deyil, daha geniş bir coğrafiya üçün strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb. Dünyada etibarlı və təhlükəsiz nəqliyyat dəhlizlərinin sayının məhdud olduğuna diqqət çəkən ölkə başçısı İlham Əliyev bildirib:

"Əgər ölkələrimiz arasında qarşılıqlı siyasi etimad olmasaydı, mövcud coğrafi imkanlar təkbaşına bu layihələrin həyata keçirilməsi üçün kifayət etməzdi. Artan yükdaşımaları daha da inkişaf etdirmək və üçüncü ölkələrdən yeni yük axınlarını cəlb etmək məqsədilə nəqliyyat və loqistika sahəsində koordinasiyanı gücləndirmək barədə razılığa gəldik."

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov isə Azərbaycan tərəfindən hədiyyə edilən "Dostluq" neft tankerinə görə təşəkkürünü bildirib. O, sözügedən hədiyyəni iki ölkə arasındakı qardaşlıq münasibətlərinin rəmzi kimi qəbul etdiklərini vurğulayıb.

Bu tankerin iki ölkənin tərəqqisinə töhfə verəcəyinə inandığını ifadə edən S.Berdiməhəmmədov Türkmənistanın Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinə böyük önəm verdiyini qeyd edib.

Türkmənistan dövlət başçısı Azərbaycan və Türkmənistan xalqlarını əsrlər boyu davam edən mehriban qonşuluq münasibətlərinin, ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərin bir-birinə daha da yaxınlaşdırdığını sözlərinə əlavə edib.

MƏNBƏ:TRT