SİYASƏT
1 dəqiqə oxuma
İran D.Trampın danışıqlar barədə bəyanatını təkzib etdi
Ağ Ev rəsmiləri dövlət katibi Marko Rubio və xüsusi nümayəndə Stiv Vitkoffun ABŞ-ni təmsil etmək üçün Dohaya səfər edəcəyini açıqlayıblar
İran D.Trampın danışıqlar barədə bəyanatını təkzib etdi
İran D.Trampın danışıqlar barədə bəyanatını təkzib etdi

Ağ Ev rəsmiləri dövlət katibi Marko Rubio və xüsusi nümayəndə Stiv Vitkoffun ABŞ-ni təmsil etmək üçün Dohaya səfər edəcəyini açıqlayıblar. ABŞ Prezidenti Donald Tramp rəsmi "Truth Social" səhifəsində mövzu ilə bağlı verdiyi bəyanatda İranın görüş tələb etdiyini və bu görüşün Dohada baş tutacağını bildirib.

Lakin rəsmi Tehran Trampın bu iddialarını təkzib edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi yaxın günlərdə İran və ABŞ rəsmiləri arasında hər hansı bir görüşün planlaşdırılmadığını vurğulayıb. İ.Bəqayi İranın texniki nümayəndə heyətinin bu həftə Qətərə səfər edəcəyini təsdiqləsə də, bu missiyanın ABŞ rəsmilərinin regiona səfəri ilə heç bir əlaqəsinin olmadığını irəli sürüb.

Qeyd edək ki, hər iki ölkə bir-birini təxminən iki həftə əvvəl dördaylıq müharibəyə son qoymaq məqsədilə imzalanmış müvəqqəti razılaşmanı pozmaqda günahlandırır. Sözügedən müvəqqəti saziş İranın zənginləşdirilmiş uran ehtiyatlarını azaltmasını, ABŞ-nin isə birtərəfli sanksiyaları yumşaltmasını nəzərdə tuturdu. Sənədə əsasən, tərəflərə yekun və daimi razılığa gəlmək üçün 60 gün vaxt verilmişdi.

Buna baxmayaraq, son günlər Körfəz regionunda qarşılıqlı hərbi hücumların kəskin artması müşahidə olunur. İran tərəfi dəniz və hava qüvvələrinin iştirakı ilə Küveyt və Bəhreyndəki ABŞ hərbi obyektlərini hədəf aldığını bəyan edib, həmçinin razılaşmanın növbəti pozuntularına daha sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib.