TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə TDT üzvləri arasında rəqəmsal iqtisadiyyata dair sazişi ratifikasiya edib
Türkiyə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında rəqəmsal iqtisadiyyata dair sazişi ratifikasiya edib
Türkiyə TDT üzvləri arasında rəqəmsal iqtisadiyyata dair sazişi ratifikasiya edib
Türkiyə TDT üzvləri arasında rəqəmsal iqtisadiyyata dair sazişi ratifikasiya edib / AA

Türkiyə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında rəqəmsal iqtisadiyyata dair sazişi ratifikasiya edib. Türkiyə Ticarət Nazirliyinin yaydığı məlumata görə, sözügedən sazişin təsdiqlənməsi barədə qanun ‘‘Resmi Gazete’’də dərc olunaraq qüvvəyə minib. Bununla da Türkiyə Azərbaycan və Özbəkistandan sonra daxili hüquqi prosedurları tamamlayan üçüncü tərəf olub. Sazişin hüquqi şəkildə qüvvəyə minməsi üçün yaxın vaxtlarda Qırğızıstan və Qazaxıstanın da daxili ratifikasiya proseslərini yekunlaşdırması gözlənilir.

Nazirlikdən bildirilib ki, layihə türk dövlətləri arasında elektron ticarət, rəqəmsal xidmətlər və sərhədyanı məlumat mübadiləsində mövcud olan maneələri aradan qaldırmağı, həmçinin vahid və proqnozlaşdırıla bilən rəqəmsal iqtisadi platforma yaratmağı hədəfləyir. Ticarət və texnologiya inteqrasiyasını gücləndirəcək bu sənəd yerli müəssisələrin rəqəmsal bazarlara çıxışını asanlaşdıracaq, innovativ həllərin tətbiqini təşviq edəcək və regional rəqabət qabiliyyətini artıracaq.

Əhatə dairəsi kifayət qədər geniş olan saziş çərçivəsində elektron faktura, ekspress çatdırılma, milli təchizatçı məlumat bazalarının inteqrasiyası, elektron imza və onlayn istehlakçıların müdafiəsi kimi vacib sahələr tənzimlənəcək. Bundan başqa, sənəddə kiçik və orta sahibkarlığın dəstəklənməsi, maliyyə texnologiyaları (fintex), kibertəhlükəsizlik və şəxsi məlumatların toxunulmazlığı istiqamətində sıx əməkdaşlıq nəzərdə tutulur. Əsası 6 noyabr 2024-cü ildə Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən TDT-nin 11-ci Zirvə Görüşündə Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulan bu saziş, türk dünyasında iqtisadi tərəfdaşlığı dərinləşdirməklə yanaşı, qlobal rəqəmsal ticarət qaydalarının formalaşmasında da mühüm rol oynayacaq.