Türkiyənin xarici işlər naziri Hakan Fidan və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada görüşüblər. Heyətlərarası danışıqlardan əvvəl jurnalistlərə açıqlama verən nazirlər ikitərəfli münasibətlər və regional proseslərə dair mühüm mesajlar veriblər.
Nazir Hakan Fidan Türkiyə ilə Rusiya arasındakı əlaqələrin hər iki ölkə liderinin müəyyən etdiyi vizyona uyğun olaraq getdikcə inkişaf etdiyini vurğulayıb. Görüş çərçivəsində Qafqaz, Yaxın Şərq, Mərkəzi Asiya və Afrika da daxil olmaqla bir çox regional mövzuda fikir mübadiləsi aparacaqlarını bildirən Hakan Fidan Ukrayna böhranına da toxunub. O, Türkiyənin Ukrayna məsələsinin həlli istiqamətində indiyə qədər olduğu kimi bundan sonra da hər cür dəstəyi verməyə və vasitəçilik rolunu oynamağa hazır olduğunu qeyd edib. Hakan Fidan davam edən müharibənin regionda qeyri-sabitliyi artırdığını və bu münaqişəyə ən qısa zamanda son qoyulmasının vacibliyini diqqətə çatdırıb.
Rusiya xarici işlər naziri Sergey Lavrov da öz növbəsində türkiyəli həmkarının rəhbərlik etdiyi nümayəndə heyətini Moskvada qəbul etməkdən məmnunluğunu ifadə edib. İkitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq gündəliyin də olduqca gərgin olduğunu bildirən Sergey Lavrov Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya məsələlərini müntəzəm olaraq müzakirə etdiklərini bəyan edib. Rusiyanın XİN rəhbəri həmçinin Ukraynadakı vəziyyətə ədalətli və davamlı sülh yolu tapılması istiqamətində Türkiyə tərəfinin göstərdiyi marağı və səyləri yüksək qiymətləndirdiklərini xüsusi vurğulayıb.














