Rusiya prezidenti Vladimir Putin iyunun 12-də Rusiya-Ukrayna müharibəsində iştirak edən hərbçilərlə görüş keçirib. Burada söhbət zamanı V.Putin Ukraynanın təşkil etdiyi hücumların ölkə iqtisadiyyatına ziyan vurduğunu, lakin Rusiyanın bu hücumların təsirlərini “sürətlə aradan qaldırdığını” qeyd edib.
Rusiya prezidenti deyib: “Sözsüz ki, bizə müəyyən dərəcədə ziyan vururlar, lakin biz sürətlə bərpa olunuruq. Onlar bizə ciddi problemlər yaşada bilməyəcəklər.”
Rusiyanın Ukraynadakı müharibə bölgəsində rusiyalı hərbçilərin sayının 700 mini keçdiyini bildirən V.Putin ölkəsinin Qərbə qarşı “demək olar ki, təkbaşına mübarizə apardığını” iddia edib.
Rusiya qüvvələrinin Ukraynada “istədikləri qədər sürətlə” irəliləmədiyini etiraf edən V.Putin hərbi birləşmələrin hər gün mərhələli şəkildə irəliləməyə davam etdiyini söyləyib.
V.Putin çıxışında deyib: “Torpaqlarımızı yavaş-yavaş nəzarətimiz altına alırıq. Buna nail olacağıq, bundan heç kimin şübhəsi olmasın.”
Rusiya ölkə başçısı Ukraynanın “mülki obyektlərə hücum etməsinin qarşısını almaq” məqsədilə cavab zərbələrinin intensivliyini tədricən artıracaqlarını bəyan edib.
Ukraynadakı müharibəni NATO-nun başlatdığına dair ittihamlarını yenidən səsləndirən V.Putin NATO ölkələrinin texnoloji və elmi inkişaf səviyyəsini yüksək qiymətləndirib. O, bu dövlətləri “son dərəcə inkişaf etmiş iqtisadiyyatlar” adlandırıb.












