Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk Qara dəniz, Mərmərə, Egey və Şərqi Aralıq dənizində keçirilən hərbi təlimlərin əsas məqsədlərini açıqlayıb. Zeki Aktürk bildirib ki, təlimlər Dəniz Qüvvələrinin əməliyyat komandanlığı və nəzarət mexanizminin effektivliyini qiymətləndirmək, çoxtəhlükəli mühitdə iştirakçı qüvvələrin uzaqgörənlik, mühakimə yürütmə və çevik qərar qəbuletmə qabiliyyətlərini təkmilləşdirmək, həmçinin qoşun növləri rəhbərliklərinin qarşılıqlı fəaliyyət prosedurlarını sınaqdan keçirmək məqsədi daşıyır.
O, Türkiyə qırıcılarının Yunanıstanın müdafiə nazirini və avropalı rəsmiləri daşıyan təyyarələrə mane olması barədə iddiaları qəti şəkildə rədd edərək bu xəbərlərin həqiqəti əks etdirməyən mütəşəkkil təxribat olduğunu vurğulayıb. Z. Aktürk qeyd edib ki, Yunanıstan və Kiprdəki yunan administrasiyası Şimali Kipr Türk Respublikasının (ŞKTR) hüquq və mənafelərini sistematik olaraq görməzdən gəlir, bölgədəki həssas tarazlığı pozur.
Nazirlik rəsmisinin sözlərinə görə, iyunun 7-də Yunanıstan-Kipr marşrutu üzrə hərəkət edən 6 təyyarədən 4-ü Şimali Kipr Türk Respublikasının hava məkanını pozub və bu qanunsuz addıma cavab olaraq adada növbətçilik edən Türkiyəyə məxsus iki ‘‘F-16’’ qırıcısı ehtiyat tədbiri kimi dərhal havaya qaldırılıb. Türkiyəyə məxsus təyyarələrin yalnız Şimali Kipr Türk Respublikası hava məkanı daxilində uçuş həyata keçirdiyini və yunan tərəfinin hava sərhədlərini pozmadığını deyən Aktürk qarşı tərəfin heç bir təzyiqlə üzləşmədiyini bildirib. O, regionda süni şəkildə gərginliyi artıran və "qurban" obrazı yaratmağa yönəlmiş bu növ təxribatçı bəyanatların tamamilə qəbuledilməz olduğunu diqqətə çatdırıb.














