Filippinin yerli mətbuatı ABŞ Geoloji Araşdırmalar Xidmətinə (USGS) istinadən verdiyi məlumata görə, iyunun 8-də (bu gün) Filippinin cənubunda qeydə alınan 7,8 bal gücündəki zəlzələ nəticəsində təxminən beş nəfər həlak olub. Sarsıntı səbəbindən binalar dağılıb və region miqyasında sunami xəbərdarlığı elan olunub.
ABŞ Sakit Okean Sunami Xəbərdarlığı Mərkəzinin məlumatına əsasən, Mindanao adasının Saranqani əyalətində baş verən güclü zəlzələdən sonra Filippinin bəzi sahillərində hündürlüyü 3 metrdən çox ola biləcək sunami dalğaları barəsində xəbərdarlıq edilib.
Zəlzələnin episentri Filippinin Burias şəhərindən 24,7 kilometr qərb-cənub-qərb istiqamətində, yerin 35 kilometr dərinliyində müəyyən edilib. Güclü sarsıntı yerli vaxtla saat 07:37-də qeydə alınıb.
Almaniya Geoloji Araşdırmalar Mərkəzi (GFZ) isə zəlzələnin Mindanaoda yerin 10 kilometr dərinliyində baş verdiyini və yeraltı təkanların gücünün 8,2 bal olduğunu bəyan edib.
Rəsmi qurumlar ölkənin cənubundakı General Santos şəhərində təxminən beş nəfərin öldüyünə dair məlumatları təsdiqləyib. Dağıdıcı sarsıntı zamanı çoxlu sayda bina ciddi zərər görüb və ya tamamilə uçub.
Zəlzələnin ardınca Filippin, İndoneziya və Yaponiya sahilləri üçün sunami xəbərdarlığı edilib. Filippin prezidenti Ferdinand Markos təbii fəlakətin təsirinə məruz qalan bölgələrdə təhsilin təxirə salındığını elan edərək sahil zolağında yaşayan vətəndaşlara təcili təxliyə çağırışı edib. Ölkə rəsmiləri bölgə sakinlərindən dərhal yüksək yerlərə sığınmağı tələb ediblər.
Qeyd edək ki, Sakit okeanın seysmik qurşağında yerləşən Filippin ölkəsi dünyada tektonik hərəkətliliyin və zəlzələlərin ən intensiv qeydə alındığı ölkələr sırasındadır.













