DÜNYA
2 dəqiqə oxuma
D.Tramp:"İran Amerika əsgərlərini hədəf almadığı müddətcə atəşkəsi pozmayacağam"
"The Wall Street Journal" qəzetinin ABŞ rəsmi mənbələrinə istinadən yaydığı məlumata görə, Prezident Donald Tramp köməkçilərinə Tehrana qarşı şərtini açıqlayıb
D.Tramp:"İran Amerika əsgərlərini hədəf almadığı müddətcə atəşkəsi pozmayacağam"
D.Tramp:"İran Amerika əsgərlərini hədəf almadığı müddətcə atəşkəsi pozmayacağam" / Reuters Archive

"The Wall Street Journal" qəzetinin ABŞ rəsmi mənbələrinə istinadən yaydığı məlumata görə, Prezident Donald Tramp köməkçilərinə Tehrana qarşı şərtini açıqlayıb. Ağ Ev rəhbəri bildirib ki, rəsmi Tehran Amerika hərbçilərini hədəf almağı dayandırmayacağı təqdirdə, ABŞ İranla əldə olunmuş atəşkəs razılaşmasını qüvvədən düşmüş hesab edəcək.

Cari ilin aprel ayının əvvəlində qüvvəyə minən atəşkəs qüvvədə olsa da, bu həftə ABŞ və İran qüvvələri arasında ən gərgin toqquşmalardan biri qeydə alınıb. İran tərəfi ABŞ-ın regiondakı hərbi bazalarını, eləcə də Küveyt Beynəlxalq Hava Limanını raket və dronlarla hədəf alıb. Bu hücumlar nəticəsində bir nəfər həyatını itirib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana birgə zərbələr endirməsi Tehranı İsrailə və Vaşinqtonun Körfəzdəki müttəfiqlərinə hücum etməyə sövq etmişdi. Həmin vaxt İran strateji Hörmüz boğazını bağlamağa cəhd göstərmiş, apreldə atəşkəs elan olunduqdan sonra isə ABŞ buna cavab olaraq İran limanlarına dəniz blokadası tətbiq etmişdi.

Hörmüz boğazına nəzarət uğrunda gedən bu mübarizə qlobal enerji bazarlarına ciddi zərbə vurub və beynəlxalq gəmiçilik daşımalarında böhran yaradıb. Tehranın strateji su yolunda ticarət gəmilərinin hərəkətini məhdudlaşdırmasına qarşı Vaşinqton İran limanlarını sərt şəkildə mühasirədə saxlayır. Bununla belə, ABŞ dövlət katibi Marko Rubio Konqresin Nümayəndələr Palatasında çıxış edərək bu qarşılıqlı zərbələri tammiqyaslı müharibə deyil, müdafiə tədbirləri kimi qiymətləndirib. Rubio deyib: "Bu addımlar İranın hərəkətlərinə cavab xarakteri daşıyır. Əgər onlar gəmilərə atəş açmasalar, biz də onlara atəş açmayacağıq, lakin hücumlara cavab verməyə məcburuq".

Lakin "The Wall Street Journal"ın təhlilinə görə, bölgədə təkrarlanan hərbi qarşıdurmalar Prezident Trampa olan daxili və xarici təzyiqləri artırır, həmçinin mövcud atəşkəsin uzunmüddətli etibarlılığını ciddi şübhə altına qoyur.