SİYASƏT
1 dəqiqə oxuma
BMT Təhlükəsizlik Şurası İsrailin Livandakı hərbi fəaliyyətinə görə təcili iclas keçirib
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Fransanın tələbi ilə İsrailin hərbi əməliyyatlarını və Livanın cənubundakı işğalın genişlənməsini müzakirə etmək üçün təcili iclas keçirib
BMT Təhlükəsizlik Şurası İsrailin Livandakı hərbi fəaliyyətinə görə təcili iclas keçirib
BMT Təhlükəsizlik Şurası İsrailin Livandakı hərbi fəaliyyətinə görə təcili iclas keçirib / Reuters Archive

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Fransanın tələbi ilə İsrailin hərbi əməliyyatlarını və Livanın cənubundakı işğalın genişlənməsini müzakirə etmək üçün təcili iclas keçirib. İclasda üzv dövlətlər İsrail qüvvələrinin Livanın cənubundan dərhal geri çəkilməsini tələb ediblər. BMT Baş katibinin müavini Marta Ama Akyaa Pobee "Mavi xətt"in şimalında İsrail hərbçilərinin mövcudluğunun Livanın suverenliyini və BMT TŞ-nin 1701 saylı qətnaməsini kobud şəkildə pozduğunu bəyan edib. O, İsrail ordusunun geri çəkilməsinin, eyni zamanda Livandakı qeyri-dövlət silahlı qruplarının tərksilah edilməsinin vacibliyini vurğulayıb.

Livanın BMT-dəki daimi nümayəndəsi Əhməd Ərəfa isə çıxışında İsraili mülki infrastrukturu, səhiyyə işçilərini və tarixi məkanları hədəf alan dağıdıcı kampaniya aparmaqda ittiham edib. Şura üzvlərindən Rusiya və Çin rəsmi Tel-Əvivin quru əməliyyatlarını genişləndirməsini kəskin tənqid edərək, Livanda Qəzza zolağındakı dağıntıların təkrarlanması təhlükəsinə qarşı xəbərdarlıq ediblər. Fransa və Böyük Britaniya yaranmış münaqişəyə görə "Hizbullah" hərəkatının məsuliyyət daşıdığını bildirsələr də, İsrailin hərbi addımlarının qeyri-mütənasib olduğunu və mülki şəxslərə ciddi zərər vurduğunu diqqətə çatdırıblar. ABŞ tərəfi isə bölgədəki gərginliyə görə tamamilə "Hizbullah" və İranı günahlandırıb və İsrailin hərbi addımlarına münasibət bildirmədən yalnız Livan hökumətinə dəstəyini ifadə edib.