Donald Tramp İrana təqdim olunan razılaşma təklifinin Tehranın nüvə silahına sahib olmasını açıq şəkildə maneə törətdiyini bildirərək, razılaşma çərçivəsinin nüvə məsələlərini kifayət qədər əhatə etmədiyi barədəki iddiaları rədd edib.
Tramp mayın 31-də "Truth Social" platformasındakı paylaşımında təklif olunan razılaşmanın “İranın nüvə silahına sahib olmayacağını çox açıq bir şəkildə ifadə etdiyini” söyləyərək, sənədin İranın nüvə proqramı ilə bağlı hərtərəfli müddəaları ehtiva etdiyini müdafiə edib.
Tramp bu açıqlamaları CNN-in təklif olunan çərçivə sazişinin nüvə məsələlərini yetərincə əhatə etmədiyini irəli sürən xəbərinə cavab olaraq verib. Tramp CNN-in iddiasını qətiyyətlə rədd edib.
Tramp paylaşımında “Razılaşma daha sonra nüvə məsələsinin digər aspektlərini çox güclü və təfərrüatlı şəkildə əhatə edir. Əslində, razılaşmanın böyük bir hissəsi bundan ibarətdir” deyib.
Donald Tramp, həmçinin bəzi media qurumlarını tənqid edərək, razılaşma təklifinin məzmununu yanlış təqdim etdiklərinə dair ittiham irəli sürüb.
ABŞ Prezidenti Tehran ilə əldə olunacaq hər hansı razılaşmanın İranın nüvə silahı hazırlamasını və ya əldə etməsinə mane olan təminatları ehtiva etməsinin vacibliyini olduğunu dəfələrlə dilə gətirmişdi.
İranın cavabı
"The New York Times"ın xəbərinə görə, 28 fevraldan bəri davam edən ABŞ-İsrail və İran müharibəsinə son qoyacaq bir razılaşmanın əldə olunması istiqamətində səylər davam edərkən, Tramp İrana sülh çərçivəsinin daha sərt şərtləri ehtiva edən yenilənmiş versiyasını göndərib.
Qəzet mayın 30-da mövzunu yaxından təqib edən üç rəsmiyə istinadən xəbər verib ki, Tramp razılaşma layihəsindəki bəzi elementləri dəyişdirib və qiymətləndirilməsi üçün yenidən Tehrana göndərib. Xəbərdə mətndə edilən dəyişikliklərin nədən ibarət olduğu tam olaraq qeyd edilməyib.
Rəsmilər Trampın İranın dondurulmuş aktivlərinin sərbəst buraxılmasını ehtiva edə biləcək müddəalarla bağlı narahatlığını ifadə etdiyini bildiriblər. Donald Tramp əvvəlki prezidentlərdən Barak Obama dövründə müzakirə edilən 2015-ci il nüvə sazişi ilə bağlı da bu məsələni tənqid etmişdi.
Həmçinin qeyd edilib ki, Tramp İranın Pakistan rəsmiləri də daxil olmaqla vasitəçilər kanalı ilə danışıqlar yolu ilə əldə etdiyi təkliflərə cavab vermə sürətindən məyus olub.














