Tibbi mənbələrdən verilən məlumata görə, İsrail ordusunun Qəzzanın mərkəzində yerləşən bir yaşayış binasını hədəf alması nəticəsində 7 fələstinli yaralanıb. Şahidlər İsrailin mayın 29-da Yərmuk stadionu yaxınlığındakı Haraz binasının ticarət anbarlarına zərbə endirdiyini bildiriblər. Qəzza Mülki Müdafiə İdarəsi hücumdan sonra ərazidə baş verən yanğının söndürüldüyünü, orta və ağır xəsarət alan yaralıların şəhərdəki müxtəlif xəstəxanalara təxliyə edildiyini açıqlayıb.
Qeyd edək ki, bölgədə atəşkəs rejiminin pozulması halları davam edir. Yerli mənbələr İsrail hərbi dəniz qüvvələrinin pulemyotlardan atəş açaraq Qəzza sahillərini və balıqçı qayıqlarını hədəf aldığını bəyan ediblər.
Qəzza Səhiyyə Nazirliyi 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəs razılaşmasının pozulması nəticəsində indiyədək 922 fələstinlinin həyatını itirdiyini, 2786 nəfərin isə yaralandığını qeyd edib. Fələstin rəsmilərinin son məlumatlarına görə, İsrailin 2023-cü ildən bu yana Qəzzada törətdiyi kütləvi qırğınlar nəticəsində ümumilikdə 72 mindən çox fələstinli ölüb, 172 mindən çox insan isə yaralanıb.








