Avropa Komissiyasının sədri Ursula fon der Leyen yaxın həftələrin Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük prosesində "qətiyyətli addımlar" atılması baxımından mühüm əhəmiyyət kəsb edəcəyini bəyan edib.
Mayın 27-də rəsmi "X" sosial media hesabında paylaşım edən Ursula fon der Leyen Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı Kiyevin Aİ-yə inteqrasiya yolunu müzakirə etdiklərini bildirib. O, Rusiyanın "qəddar təcavüzkar müharibəni" davam etdirdiyi bir vaxtda Avropanın Ukraynaya "tam dəstək" verdiyini növbəti dəfə təsdiqləyib.
Hava hücumundan müdafiə sistemlərinin, pilotsuz uçuş aparatlarının (PUA) və antidron imkanlarının Avropanın "ən təxirəsalınmaz müdafiə prioritetləri" arasında yer aldığını vurğulayan Avropa Komissiyasının sədri Ukraynanın da bu səylərə tam inteqrasiya olunacağını qeyd edib. Ursula fon der Leyen həmçinin Ukraynaya Dəstək Kreditinin Kiyevin müdafiə ehtiyaclarına "həyati töhfə" verəcəyini bildirib. Onun sözlərinə görə, təkcə bu il Ukraynanın hərbi ehtiyaclarını qarşılamaq üçün 28,3 milyard avro (təxminən 33 milyard dollar) vəsait təmin ediləcək.










