ABŞ Dövlət Departamenti bu satışın Ukraynanın "FrankenSAM Hawk" hava hücumundan müdafiə sistemləri üçün texniki xidmət dəstəyi, ehtiyat hissələri və logistik xidmətləri əhatə etdiyini bildirib
ABŞ Dövlət Departamenti mayın 21-də Ukraynaya "Hawk" raket sistemini dəstəkləyəcək avadanlıqların 108,1 milyon dollar dəyərində potensial satışını təsdiqlədiyini açıqlayıb.
Konqresə təqdim edilən bildirişə görə, Ukrayna hökuməti dirək quraşdırma qoşquların - əhəmiyyətli modifikasiyalar və texniki xidmətin ehtiyat hissələri, istehlak materialları və aksessuarların, həmçinin təmir və geri qaytarma dəstəyinin, ABŞ hökuməti və podratçıların mühəndislik, texniki və logistik xidmətlərinin və “Franken SAM Hawk” raket sistemlərinin logistik və proqram dəstəyinin digər əlaqəli elementlərinin alınmasını istəyib.
Dövlət Departamenti təklif olunan bu satışın Ukraynanın təhlükəsizliyini gücləndirməklə ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik hədəflərini dəstəklədiyini, həmçinin Ukraynanı Avropada siyasi və iqtisadi sabitliyə töhfə verən tərəfdaş kimi xarakterizə etdiyini qeyd edib.
Dövlət Departamenti bu paketin Ukraynanın özünümüdafiə və regional təhlükəsizlik tapşırıqları üçün inteqrasiya olunmuş hava hücumundan müdafiə imkanlarını möhkəmləndirəcəyini və bununla da mövcud, eləcə də gələcək təhdidlərlə mübarizə aparmaq potensialını artıracağını bildirib.
Dövlət Departamenti, həmçinin Ukraynanın bu avadanlıq və xidmətləri öz silahlı qüvvələrinə inteqrasiya etməkdə heç bir çətinlik çəkməyəcəyini və satışın regiondakı əsas hərbi balansı dəyişməyəcəyini vurğulayıb. Dövlət Departamenti, eyni zamanda, nəzərdə tutulan satışın ABŞ-nin hərbi hazırlığına heç bir mənfi təsir göstərməyəcəyini bəyan edib.
Koloradonun İnqlvud (Englewood) şəhərində qərargahı yerləşən "Sierra Nevada Corporation" şirkəti bu proqramın əsas podratçısıdır.










