Qəzzada qüvvədə olan atəşkəs rejiminə baxmayaraq, İsrail ordusunun həyata keçirdiyi son hücumlar nəticəsində dörd fələstinli həyatını itirib, dörd nəfər isə yaralanıb. Səhiyyə mənbələrinin məlumatına görə, İsrailə məxsus pilotsuz uçuş aparatı Qəzzanın mərkəzində yerləşən Deyr əl-Bələh bölgəsindəki Əl-Əqsa Şəhidləri Xəstəxanasının yaxınlığındakı ərzaq paylama məntəqəsini hədəf alıb. Hadisə zamanı üç fələstinli həyatını itirib. Digər bir hava zərbəsi isə Xan Yunis şəhərində fələstinlilərin toplaşdığı əraziyə endirilib. Hücum nəticəsində bir nəfər ölüb, dörd nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yerli mənbələr və şahidlər İsrail hərbi maşınlarının Xan Yunisin şərqindəki Beni Suheila şəhərinə doğru irəliləyərək ətrafa atəş açdığını bildiriblər. Məlumata görə, İsrail qüvvələri Əl-Rəqab və Əl-Fəcm məhəllələrində "Sarı xətt"i işarələyən beton blokları onlarla metr qərbə doğru itələyərək işğal altındakı əraziləri faktiki olaraq genişləndiriblər. Qeyd edək ki, "Sarı Xətt" ABŞ Prezidenti Donald Trampın Qəzza müharibəsinə son qoymaq planının ikinci mərhələsinə uyğun olaraq İsrail ordusunun geri çəkildiyi sərhədi göstərir və İsrailin tam nəzarətindəki zonaları fələstinlilərin yaşaya biləcəyi ərazilərdən ayırır.
2023-cü ilin oktyabr ayından bu yana İsrailin Qəzzada törətdiyi hücumlarda əksəriyyəti qadın və uşaqlar olmaqla 72 600-dən çox insan qətlə yetirilib, 172 000-dən çox insan isə yaralanıb. Qəzza Səhiyyə Nazirliyinin hesabatında vurğulanır ki, 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəs razılaşmasına baxmayaraq, İsrail ordusunun davam edən hərbi əməliyyatları nəticəsində indiyədək daha 870-dən çox insan həyatını itirib, 2 540-dan çox dinc sakin isə xəsarət alıb.












