"The Wall Street Journal" nəşri İsrailin ABŞ-ın məlumatı daxilində İraqın səhra bölgəsində gizli hərbi baza qurduğunu və bazanı aşkar etməyə çox yaxınlaşan İraq əsgərlərinə hava hücumları təşkil etdiyini bildirib.
"The Wall Street Journal"ın xəbərinə görə, İsrail İrana qarşı hava hücumlarını dəstəkləmək məqsədilə İraqın səhra bölgəsində gizli hərbi baza qurub. İsrail qüvvələri, münaqişənin əvvəllərində bazanı aşkar etmək üzrə olan İraq əsgərlərinə hava zərbələri endirib.
Qəzetin yazdığına görə, bu hərbi məntəqə müharibənin başlamasından qısa müddət əvvəl ABŞ-nin məlumatı daxilində, lakin İraq hökumətinin xəbəri və ya razılığı olmadan yaradılıb.
İraq dövlət mediasının bir çobanın şübhəli hərbi fəaliyyətlər müşahidə etdiyini bildirməsindən sonra İraq əsgərləri araşdırmaya başlayıb və baza mart ayının əvvəlində demək olar ki, üzə çıxmaq üzrə idi.
İsrail İraq qüvvələrinin bazaya çatmasının qarşısını almaq üçün hava hücumları təşkil edib. Bir İraq əsgərinin həyatını itirməsi ilə nəticələnən bu hücum İraq hökuməti tərəfindən pislənilib.
İraq Müştərək Əməliyyatlar Komandanlığının komandir müavini Qeys əl-Məhəmmədavi dövlət mediasına verdiyi açıqlamada “Bu düşünülməmiş əməliyyat hər hansı koordinasiya və ya icazə olmadan həyata keçirilib” deyib.
İsrail qüvvələrinin bu bazanı İsrail Hərbi Hava Qüvvələri üçün logistik mərkəz kimi istifadə etdiyi, eyni zamanda axtarış-xilas etmə qruplarının da burada yerləşdirildiyi bildirilir.
İsrail ordusu xəbərlə bağlı hər hansı şərh verməyib.
28 fevraldan bəri regional gərginlik kəskin şəkildə artıb və bu, İranın cavab tədbirləri görməsinə, həmçinin Hörmüz boğazının bağlanmasına səbəb olub.
8 apreldə Pakistanın vasitəçiliyi ilə atəşkəs qüvvəyə minib, lakin ABŞ prezidenti Donald Tramp daha sonra konkret bir son tarix təyin etmədən atəşkəsin uzadıldığını elan edib.







