DÜNYA
1 dəqiqə oxuma
Kolumbiyada kömür mədənində partlayış nəticəsində 9 nəfər həlak olub
Təhlükəsizlik xəbərdarlıqları verilməsindən hftələr sonra Kolumbiyada kömür mədənində metan partlayışı nəticəsində 9 işçi həlak olub
Kolumbiyada kömür mədənində partlayış nəticəsində 9 nəfər həlak olub
Kolumbiyada kömür mədənində partlayış / AFP

Kolumbiya Milli Mədən Agentliyi (ANM) hadisədən bir neçə həftə əvvəl mədən sahəsi üçün risklərə nəzarət tövsiyələri dərc etməsindən sonra Kundinamarka (Cundinamarca) əyalətindəki kömür mədənində baş verən partlayışda doqquz işçinin həyatını itirdiyini bildirib.

Partlayış "Carbonera Los Pinos" tərəfindən idarə olunan "La Ciscuda" mədənində baş verib. Şirkətlə hələlik əlaqə saxlamaq mümkün olmayıb.

Mədən agentliyi qəzanın qaz yığılması nəticəsində baş verdiyinin güman edildiyini qeyd edərək, 9 apreldə aparılan sahə yoxlaması zamanı mədənə təhlükəsizlik tədbirlərini gücləndirməyi tövsiyə etmişdi. Agentlik həmin yoxlama zamanı metan da daxil olmaqla, təhlükəli həddə çata biləcək qazlar aşkar etmişdi.

Agentlik verdiyi açıqlamada bildirib: "ANM-in təftiş səfərlərində xəbərdarlıq etdiyi kimi, kömür yataqlarında metan kimi qaz yığılmaları və kömür tozu konsentrasiyaları müşahidə oluna bilər".

Xəsarət alan və sağ qalan altı işçi bölgədəki xəstəxanaya yerləşdirilib.

Kolumbiyadakı istər açıq, istərsə də yeraltı kömür və qızıl mədənlərində, əsasən qeyri-qanuni və ya qeydiyyatsız müəssisələrdə, habelə müvafiq təhlükəsizlik tədbirlərinin görülmədiyi yerlərdə tez-tez ciddi qəzalar baş verir.