Qüdsün Köhnə Şəhər bölgəsindən qeyri-qanuni israilli bir köçkün burada yerləşən tarixi Müqəddəs Yakov Katedralına hörmətsizlik edib. Belə ki, Qüdsün yerli hakimiyyət orqanları tərəfindən paylaşılan təhlükəsizlik kamerası görüntülərində həmin şəxsin kilsənin girişinə dəfələrlə tüpürdüyü, qeyri-etik hərəkətlər etdiyi və istehza ilə xaç işarəsi çəkdiyi görünür.
Hadisə bir çox mühüm dini abidələrin yerləşdiyi erməni məhəlləsində baş verib.
Qeyd edək ki, bu hadisə işğal altındakı Şərqi Qüdsdə bir rahibəyə hücum edilməsindən cəmi bir neçə gün sonra yaşanıb. Bu vəziyyət bölgədəki xristian və müsəlman dini fiqurlarına qarşı düşmənçiliyin narahatedici həddə çatdığının göstəricisidir.
Bildirilir ki, dünyanın müxtəlif ölkələrindən yüzlərlə xristian din xadimi Şərqi Qüdsdə fəaliyyət göstərir və dini qurumların təhlükəsizliyi ilə bağlı narahatlıqların getdikcə daha çox səsləndirildiyi müşahidə olunur.
Kilsə rəsmiləri bu cür hadisələrin qarşısını almaq üçün İsrail hakimiyyətini daha sərt tədbirlər görməyə dəfələrlə çağıraraq, təkrarlanan hücumların onsuz da həssas olan şəhərdə gərginliyi artırmaq riski daşıdığı barədə xəbərdarlıq ediblər.
Bundan əlavə işğal altındakı ərazilərdə fələstinlilərə qarşı zorakılıq hadisələri artmaqda davam edir. Belə ki, fələstinlilər qeyri-qanuni israilli köçkünlərin hücumlarına tez-tez məruz qalırlar.












