İran tərəfi Hörmüz boğazının yenidən gəmilərin hərəkəti üçün açılmasını və müharibənin dayandırılmasını nəzərdə tutan yeni sülh planı təklif edib.
"Axios’’un məlumatına görə, Tehranın vasitəçilər vasitəsilə ABŞ-yə göndərdiyi təklifdə nüvə mövzusunun hələlik kənara qoyulması və bu məsələnin gələcəkdə müzakirə edilməsi nəzərdə tutulur.
Məlumata görə, İranın əsas məqsədi uran mübahisəsini hələlik dondurmaq, dəniz blokadasını aradan qaldırmaq və daha sürətli bir razılığa gəlməkdir.
Təklifdə atəşkəsin müddətinin uzadılması və ya daimi olması qeyd edilsə də, nüvə məsələsi üzrə müzakirələrin yalnız iqtisadi məhdudiyyətlər qaldırıldıqdan sonra başlanması şərti qoyulub. Ağ Ev təklifi aldığını təsdiqləsə də, hələlik rəsmi cavab verməyib.
ABŞ Prezidenti Donald Trampın bu gün milli təhlükəsizlik rəsmiləri ilə bir araya gələrək mövcud çıxılmaz vəziyyəti müzakirə edəcəyi gözlənilir. Tramp administrasiyası Tehrana təzyiq etmək üçün hələlik İran limanlarını mühasirədə saxlamaq niyyətindədir. Prezident Tramp İranın daxili iqtisadi təzyiqlərlə üzləşdiyini qeyd edərək, vəziyyətin yaxın günlərdə kəskinləşə biləcəyinə işarə edib.
Diplomatik səylərin intensivləşdiyi bir vaxtda İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan və Omanda apardığı danışıqlardan sonra Rusiyaya səfər edib.
Qeyd edək ki, aprelin əvvəlində tərəflər arasında İslamabadda keçirilən görüşlər nəticəsiz qalsa da, Pakistanın vasitəçiliyi ilə əldə olunmuş müvəqqəti atəşkəs rejimi hazırda qüvvədədir. Əsas fikir ayrılıqları hələ də Hörmüz boğazının statusu, dəniz blokadası və İranın uranı zənginləşdirmə hüququ ətrafında davam edir.





