ABŞ mediasının verdiyi məlumata görə, vitse-prezident Cey Di Vens bu gün (21 aprel 2026) İran mövzusunda danışıqlar aparmaq üçün Pakistana gedəcək.
“Axios” xəbər saytı üç amerikalı mənbəyə istinadən xəbər verib ki, Vensin bu gün səhər radələrində müharibəni dayandırmaq istiqamətindəki mümkün razılaşmanı müzakirə etmək üçün İslamabada yola düşəcəyi gözlənilir.
Xəbərə görə, Ağ Ev aprelin 20-də rəsmi Tehranın nümayəndə heyətini İslamabada göndərib-göndərməyəcəyinə dair bir işarə gözləyib.
Vasitəçilər iranlı rəsmiləri danışıqlarda iştirak etməyə və heyət göndərməyə çağırıblar. Rəsmi Tehran isə hələlik İslamabada heyət göndərmək qərarı verdiyini açıqlamayıb.
Bununla belə, Pakistan mənbələri “New York Post”a bildiriblər ki, rəsmi Tehran "ikinci raunda istəklidir", lakin bununla bağlı "hələ bir qərar qəbul edilməyib".
Ağırlıq mərkəzi
“The New York Times”ın məlumatına görə, Stiv Vitkoff (Steve Witkoff), Cared Kuşner (Jared Kushner) və digər yüksək səviyyəli şəxslərin danışıqlarda iştirakı ehtimal olunur, lakin mərkəzdə Vens yer alır.
ABŞ vitse-prezidentinə ölkədə getdikcə populyarlığını itirən və qlobal iqtisadiyyat ilə mürəkkəb enerji təchizatı zəncirləri üzərində təzyiq yaratmağa davam edən bir müharibədən çıxış yolunu idarə etmək tapşırığı verilib.
Bu diplomatik yük rəsmi Tehran ilə kanalların yenidən açılması istiqamətində səylərin artıq başladığı, lakin məhdud uğur qazanıldığı bir dövrə təsadüf edir.
Pakistan 11-12 aprel tarixlərində ilk birbaşa yüksək səviyyəli ABŞ-İran görüşünə ev sahibliyi etdi; bu, iki ölkənin 1979-cu ildə diplomatik əlaqələri kəsməsindən bəri həyata keçirilən ilk yüksək səviyyəli toplantı idi, lakin bu danışıqlar hər hansı irəliləyiş olmadan başa çatdı.
Aprelin 19-da İslamabadda təhlükəsizlik tədbirləri gücləndirilib, rəsmilər şəhər daxilində əlavə polis qüvvələrinin yerləşdirildiyini təsdiqləyiblər.








