SİYASƏT
1 dəqiqə oxuma
Ərəb ölkələri İsrail və Livan arasındakı atəşkəs qərarını alqışlayıblar
Bölgə ölkələri Livan dövlətinin gücləndirilməsinə və silahlı qüvvələrin yalnız rəsmi dövlət qurumları ilə məhdudlaşdırılmasına dəstəklərini ifadə ediblər
Ərəb ölkələri İsrail və Livan arasındakı atəşkəs qərarını alqışlayıblar
Ərəb ölkələri İsrail və Livan arasındakı atəşkəs qərarını alqışlayıblar / Reuters
12 saat əvvəl

Suriya, İordaniya, Səudiyyə Ərəbistanı və Oman ABŞ Prezidenti Donald Trampın İsrail ilə Livan arasında elan etdiyi 10 günlük atəşkəs qərarını alqışlayıblar. Bölgə ölkələri Livan dövlətinin gücləndirilməsinə və silahlı qüvvələrin yalnız rəsmi dövlət qurumları ilə məhdudlaşdırılmasına dəstəklərini ifadə ediblər.

Suriya Xarici İşlər Nazirliyi bu addımı gərginliyin aradan qaldırılması istiqamətində "vacib mərhələ" kimi qiymətləndirib. SANA agentliyinin məlumatına görə, rəsmi Dəməşq Livanın suverenliyini və ərazi bütövlüyünü qorumağa yönəlmiş bütün beynəlxalq təşəbbüslərə töhfə verməyə hazır olduğunu bildirib. İordaniya və Səudiyyə Ərəbistanı isə Livan Prezidenti Cozef Aun, Baş nazir Nəvaf Salam və Parlament sədri Nəbih Berrinin atəşkəs prosesindəki müsbət rolunu yüksək qiymətləndirərək Livan ordusunun bütün ölkə ərazisində tam nəzarəti təmin etməsinin vacibliyini vurğulayıblar. Oman isə tərəfləri sazişin şərtlərinə əməl etməyə çağırıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp yerli vaxtla gecə yarısından etibarən tərəflər arasında 10 günlük atəşkəsin qüvvəyə mindiyini açıqlayıb. "Truth Social" platformasında paylaşım edən Tramp həm Livan Prezidenti Cozef Aun, həm də İsrailin Baş naziri Benyamin Netanyahu ilə məhsuldar müzakirələr apardığını qeyd edib.

Bu diplomatik irəliləyiş bölgədə son altı həftə ərzində davam edən və ağır itkilərə səbəb olan hərbi əməliyyatlardan sonra əldə edilib.