İsrail mediasının məlumatına görə, Təl-Əviv administrasiyası İsrail ordusunun Livanın cənubunda uzun müddət qalmasını nəzərdə tutan yeni bir plan hazırlayıb. İsrailin "Kanal 14" telekanalı bildirib ki, Baş nazir Benyamin Netanyahunun müşaviri Ron Dermer tərəfindən hazırlanan bu layihənin çərşənbə axşamı Vaşinqtonda keçiriləcək İsrail-Livan danışıqları zamanı müzakirə edilməsi gözlənilir.
Təklif olunan plana əsasən, Livanın cənubu üç fərqli bölgəyə bölünəcək. Birinci bölgə İsrail sərhədindən 7-8 kilometr məsafədə "sarı xətt"ə qədər olan ərazini əhatə edəcək. İsrail ordusu ‘‘Hizbullah’’ı tamamilə zərərsizləşdirilənədək burada öz mövcudluğunu davam etdirəcək. İkinci bölgə ‘‘sarı xətt’’ ilə Litani çayı arasındakı ərazini əhatə edəcək. Burada da İsrail qüvvələri yerləşdiriləcək, lakin sonradan nəzarət Livan ordusuna təhvil veriləcək. Litani çayının şimalında qalan ərazilərdə isə silahsızlaşdırma prosesinə görə bütün məsuliyyəti Beirut hökuməti daşıyacaq.
İsrail rəsmiləri bildirib ki, Litani çayından şimalda yerləşən əraziləri qısa zamanda tam tərksilah etmək mümkün deyil. Bununla belə, onlar ümid edirlər ki, bunun əvəzində Livan tərəfi ölkənin cənubunda İsrailin nəzarətində olacaq “təhlükəsizlik bölgəsi”nin yaradılmasına razılaşacaq.
ABŞ-ın vasitəçiliyi ilə keçiriləcək görüşdə İsrail nümayəndə heyətinə səfir Yexiel Leiter və Ron Dermer rəhbərlik edəcək. Livan Prezidenti Aparatı görüşün keçiriləcəyini təsdiqləsə də, ‘‘Hizbullah’’ bu addımı sərt şəkildə pisləyib. Təşkilatın baş katibi Naim Qassem televiziya vasitəsilə etdiyi müraciətdə İsrail ilə "faydasız danışıqları" rədd etdiklərini bildirərək, təslim olmayacaqlarını və son sözün döyüş meydanında deyiləcəyini vurğulayıb.








