TÜRKİYƏ
2 dəqiqə oxuma
R.T.Ərdoğan fələstinli məhbuslar üçün qəbul edilən ölüm cəzasını Hitlerin siyasətinə bənzətdi
Prezidenti R.T.Ərdoğan ancaq fələstinli məhbuslar üçün nəzərdə tutulan ölüm cəzasının “irqi ayrı-seçkilik” mənasına gəldiyini bildirdi
R.T.Ərdoğan fələstinli məhbuslar üçün qəbul edilən ölüm cəzasını Hitlerin siyasətinə bənzətdi
R.T.Ərdoğan fələstinli məhbuslar üçün qəbul edilən ölüm cəzasını Hitlerin siyasətinə bənzətdi / AA
12 saat əvvəl

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 10-da keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Qadın Qollarının iclasında iştirak edib. Dövlət başçısı R.T.Ərdoğan tədbirdə çıxışı zamanı bildirib ki, İsrail parlamentinin fələstinli məhbuslara ölüm cəzası tətbiq olunması ilə bağlı qərarı “mahiyyət etibarilə Hitlerin yəhudilərə qarşı siyasətindən fərqlənmir.”

Prezident R.T.Ərdoğan deyib: “Edilənlər ayrı-seçkilikdir, irqçilikdir; bu, İsraildə 1994-cü ildə Cənubi Afrikada süqut edən irqi ayrı-seçkilik rejiminin daha da ağır formasının tətbiqi deməkdir.”

Təkcə fələstinlilər üçün ölüm cəzasının nəzərdə tutulmasının “irqi ayrı-seçkilik” mənasına gəldiyini qeyd edən R.T.Ərdoğan bunun hüququ “irqçi faşizmin alətinə” çevirdiyini vurğulayıb.

Xəbər verilidiyi kimi, İsrail parlamenti Knesset bu ayın əvvəlində israillilərin öldürülməsində təqsirli bilindiyi iddia olunan fələstinli məhbuslar üçün ölüm cəzasını yenidən qüvvəyə mindirən qanun layihəsini qəbul edib.

İfrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin dəstəklədiyi qanun layihəsi İsrail dövlətinə zərər vurduğu qiymətləndirilən əməllərə görə ölüm cəzasını məcburi edir. Bu isə sözügedən tənzimləmənin əhatə dairəsi və məqsədi ilə bağlı narahatlıqlara səbəb olur.

Analitiklər qanunun irqçi və qərəzli olduğunu bildirir. Qeyd olunur ki, mətn faktiki olaraq fələstinliləri hədəf alır, qeyri-qanuni israilli köçkünlər və hərbçilər daxil olmaqla israilli şəxsləri isə əhatə dairəsindən kənarda saxlayır.

İsrailin hüquq və hərbi sistemləri işğal altındakı İordan çayının qərb sahili və Qəzzada fələstinlilərə qarşı pozuntulara görə qeyri-qanuni israilli köçkünləri və hərbçiləri uzun müddətdir məsuliyyətə cəlb etmir.

Qeyd edək ki, qeyri-qanuni israilli köçkünlərin hücumları ilə bağlı işlər çox vaxt məhdud araşdırmalarla nəticələnir və ya sonradan ört-bas edilir. Hərbçilər isə Fələstin əsilli amerikalı jurnalist Şirin əbu Akilənin 2022-ci ildə öldürülməsi kimi yüksək rezonans doğuran hadisələrdə belə nadir hallarda mühakimə olunur.

Mülki və hərbi məhkəmə sahələrinin iç-içə keçməsi və qeyri-qanuni məskunlaşmaların genişlənməsinə verilən siyasi dəstək cəzasızlıq mühitini gücləndirir. Bu vəziyyət qanunun bərabər tətbiqi və beynəlxalq standartlara riayət olunması ilə bağlı narahatlıqları artırır.

MƏNBƏ:TRT