Ankarada keçirilən mərasimdə çıxış edən Türkiyə Respublikasının ticarət naziri Ömər Bolat bildirib ki, Hörmüz boğazından keçə bilməyən məhsullar alternativ logistika kanalları ilə yönləndiriləcək.
O, Səudiyyə Ərəbistanı ilə əldə olunan razılaşma çərçivəsində tranzit ticarətə start verildiyini vurğulayaraq bildirib: “Beləliklə, Hörmüz boğazından keçə bilməyən məhsulları bir hissəsini boru kəmərləri ilə, bir hissəsini isə avtomobil nəqliyyatı vasitəsilə region ölkələrinə çatdırmağa davam edəcəyik.”
Ö.Bolat razılaşma çərçivəsində artıq tranzit vizalarının verildiyini təsdiqləyib və bunun Körfəz bölgəsində ticarət axınlarının davamlılığını təmin etməyə kömək edəcəyini vurğulayıb.
Alternativ marşrutlar
Nazir fevral ayının sonlarında ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan müharibəyə istinad edərək deyib: “Enerji yolları nəqliyyat üçün bağlanıb. Hörmüz boğazının bağlanması ilə emal olunmuş neft məhsullarının mühüm hissəsinin daşınması mümkünsüz hala gəlib. Petrokimya məhsulları, kimyəvi maddələr və gübrələr kimi məhsullarda da ciddi problemlər yaranıb.”
Nazir vurğulayıb ki, iqtisadi maraqların zərər görməsinin qarşısını almaq üçün hökumət tərəfindən işlər davam etdirilir. Türkiyənin logistika sahəsində böyük irəliləyişlər əldə etdiyini qeyd edən nazir Ö.Bolat bildirib ki, ölkə hazırda 112 milyard dollar dəyərində logistika sektoruna malikdir.
Kənd təsərrüfatı sahəsi ilə bağlı Ö.Bolat bildirib ki, Türkiyə kifayət qədər ehtiyatlara malikdir və bu il istehsalda rekord göstəricilər gözlənilir.
“Kənd təsərrüfatı sahəsində problem yaranmaması üçün gübrə üzrə kifayət qədər ehtiyat toplamışdıq. İxracatı qeydiyyata aldıq, idxalda isə gömrük rüsumlarını sıfırladıq”, - deyə nazir əlavə edib.













