Ərəb ölkələrinin daxili işlər nazirləri İsrailin fələstinli məhbuslara edam cəzası tətbiq edən yeni qanununu pisləyərək, bu addımı gərginliyin təhlükəli şəkildə dərinləşdirilməsi və beynəlxalq hüququn pozulması kimi qiymətləndiriblər.
Bununla bağlı açıqlama videokonfrans vasitəsilə keçirilən Ərəb Ölkələri Daxili İşlər Nazirləri Şurasının 43-cü sessiyasının sonunda yayımlanan bəyanatda yer alıb.
Nazirlər qanunun İsrailin fələstinlilərə qarşı davam edən hüquq pozuntularını əks etdirdiyini bildirərək, bu tənzimləmənin regionda gərginliyi daha da artıracağı barədə xəbərdarlıq ediblər.
Bundan əvvəl Qəzza və işğal altındakı İordan çayının qərb sahilindəki fələstinlilər qanunun təsdiqlənməsinə etiraz etmişdilər.
Knesset tərəfindən təsdiqlənən qanun edam cəzalarının İsrail Həbsxana Xidməti vasitəsilə təyin edilmiş nəzarətçilər tərəfindən asılaraq icra edilməsinə icazə verir və icranı həyata keçirən şəxslərə anonimlik və hüquqi toxunulmazlıq tanıyır.
Bundan əlavə, qanun ölüm hökmü qərarlarının prokurorluğun tələbi olmadan verilməsinə və yekdillik tələb olunmadan, sadə səs çoxluğu ilə qəbul edilməsinə imkan yaradır. Həmçinin işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərlə bağlı işlərə baxan hərbi məhkəmələr tərəfindən də tətbiq oluna biləcək.
Qanun ölkə daxilində də tənqidlərə məruz qalıb. Aralarında Nobel mükafatı laureatı olan elm adamları, keçmiş hərbi rəsmilər və keçmiş Ali Məhkəmə hakimlərinin də olduğu təxminən 1 200 israilli etiraz etdikləri sözügedən qanunu "mənəvi ləkə" adlandırıb.













