SİYASƏT
2 dəqiqə oxuma
İran və Oman Hörmüz boğazı ilə bağlı yeni protokol hazırlayıb
İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi rəsmi Tehranın Hörmüz boğazında dəniz hərəkətinə nəzarəti təmin etmək məqsədilə Omanla xüsusi protokol hazırladığını bəyan edib
İran və Oman Hörmüz boğazı ilə bağlı yeni protokol hazırlayıb
İran və Oman Hörmüz boğazı ilə bağlı yeni protokol hazırlayıb / Reuters
13 saat əvvəl

İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi rəsmi Tehranın Hörmüz boğazında dəniz hərəkətinə nəzarəti təmin etmək məqsədilə Omanla xüsusi protokol hazırladığını bəyan edib. İRNA agentliyinin məlumatına görə, nazir müavini sülh dövründə naviqasiya prosesinin iki sahil dövləti — İran və Oman tərəfindən idarə olunduğunu xatırladıb. Qlobal enerji təhlükəsizliyi üçün kritik əhəmiyyət kəsb edən və gündəlik təxminən 20 milyon barel neftin daşındığı bu marşrutda gəmi hərəkəti ABŞ-İsrail müharibəsi fonunda kəskin azalıb. Boğazın bağlanma təhlükəsi neft qiymətlərinin, logistika və sığorta xərclərinin artmasına səbəb olub.

Hazırda boğazın açıq olduğunu və keçidlərin davam etdiyini bildirən K.Qəribabadi mövcud vəziyyətin sülh dövrü qaydaları ilə tənzimlənə bilməyəcəyini vurğulayıb. Qəribabadi vurğulayıb ki, hazırda ölkə faktiki müharibə şəraitindədir və hər hansı təcavüzlə üzləşdikləri təqdirdə, boğazdakı hərəkəti tamamilə dayandıra və ya ciddi şəkildə məhdudlaşdıra bilərlər. İran rəsmisi həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) zəmanəti altında olan nüvə obyektlərinə, o cümlədən Buşehr, Ərdəkan, Xondab, Nətənz və Fordo stansiyalarına edilən hücumları beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirib. Onun sözlərinə görə, bu cür hərəkətlər beynəlxalq sülhə təhdid yaradır və BMT Təhlükəsizlik Şurası tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.

K.Qəribabadi İranın özünümüdafiə hüququndan istifadə edərək, hücumların digər ölkələrin ərazisindən həyata keçiriləcəyi təqdirdə həmin ölkələrdəki analoji obyektlərə mütənasib cavab veriləcəyi barədə xəbərdarlıq edib.

Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) sadiqliyini ifadə edən nazir müavini, buna baxmayaraq, ölkə daxilində müqavilə ilə bağlı tənqidlərin artdığını etiraf edib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana birgə hücumu nəticəsində regional gərginlik yüksək həddə çatıb. Hücumlar zamanı İranın keçmiş ali dini lideri Əli Xamenei də daxil olmaqla, 1340-dan çox insan həlak olub.

İran isə bu hücumlara cavab olaraq İsrail, eləcə də ABŞ-nin hərbi aktivlərinə ev sahibliyi edən İordaniya, İraq və Körfəz ölkələrinə PUA və raket zərbələri endirib.