İQTİSADİYYAT
2 dəqiqə oxuma
FAO:''Müharibə səbəbindən artan enerji və gübrə xərcləri ərzaq qiymətlərini artırır''
FAO xəbərdarlıq edib ki, Yaxın Şərqdəki müharibənin davam etməsi qlobal ərzaq təchizatını poza, əmtəə qiymətlərini yüksəldə və fermerlər və dünya bazarları üçün...
FAO:''Müharibə səbəbindən artan enerji və gübrə xərcləri ərzaq qiymətlərini artırır''
FAO-nun Ərzaq Qiymətləri İndeksi / Reuters
8 saat əvvəl

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı xəbərdarlıq edib ki, Yaxın Şərqdəki müharibənin davam etməsi qlobal ərzaq təchizatını poza, əmtəə qiymətlərini yüksəldə və fermerlər və dünya bazarları üçün qalıcı qeyri-müəyyənlik yarada bilər.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bildirib ki, İsrail və ABŞ-nin İrana qarşı apardığı müharibə və Tehranın qisas addımları artan enerji və gübrə xərcləri səbəbindən qida məhsullarının qiymətlərini artırıb.

FAO beynəlxalq ərzaq məhsulları səbətinin aylıq qiymət dəyişikliklərini ölçən Ərzaq Qiymətləri İndeksinin mart ayında əvvəlki aya nisbətən %2,4 artdığını açıqlayıb.

Bu, ardıcıl baş verən ikinci artım olub. FAO bunun böyük miqyasda Yaxın Şərqdəki münaqişə ilə əlaqədar yüksələn enerji qiymətlərindən mənbələndiyini qeyd edib. İndeks daxilində fevral ayı ilə müqayisədə ən kəskin artım %5,1 ilə bitki yağı kateqoriyasında qeydə alınıb. FAO-nun məlumatına görə, palma yağı qiymətləri xam neftin bahalaşması səbəbindən 2022-ci ilin ortalarından bəri ən yüksək səviyyəyə çatıb.

Bununla belə, FAO taxıl tədarükünün "ümumilikdə kifayət qədər" olmasının münaqişənin təsirlərini müəyyən dərəcədə yumşaltdığını bildirib.

FAO-nun baş iqtisadçısı Maksimo Torero verdiyi açıqlamada "Münaqişənin başlamasından bəri qiymət artımları mülayim olub; bunun əsas səbəbi yüksək neft qiymətlərinin geniş qlobal taxıl ehtiyatları tərəfindən kompensasiya edilməsidir" deyib.

Lakin Torero xəbərdarlıq edərək bildirib ki, münaqişənin 40 gündən çox davam etməsi və gübrə qiymətlərindəki artım davam edəcəyi təqdirdə fermerlər eyni istehsalı daha az xərclə davam etdirmək, daha az əkin işləri aparmaq və ya intensiv gübrə tələb edən məhsullardan uzaqlaşmaq arasında seçim etmək məcburiyyətində qalacaqlar.

Torero "Bu seçimlər gələcək məhsuldarlığa təsir edəcək, ilin qalan hissəsini və gələn ili əhatə edən dövrdə qida tədarükümüzü və əmtəə qiymətlərimizi formalaşdıracaq", -deyə əlavə edib.

FAO həmçinin istehsal və tədarük zənciri marşrutlarındakı fasilələrin buğda və qarğıdalı bazarında "əlavə qeyri-müəyyənlik" yaratdığını müəyyən edib.