Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata əsasən, iyulun 18-də (bu gün) səhər saatlarda Türkiyənin şərqində yerləşən Malatya vilayətində 5,0 maqnitudalı zəlzələ baş verib.
AFAD yeraltı təkanların yerli vaxtla saat 06:20-də (GMT 03:20) baş verdiyini bildirib. Məlumata görə, mərkəz nöqtəsi Battalqazi rayonu olan zəlzələnin dərinliyi 15,59 kilometr (9,69 mil) təşkil edib.
Yeraltı təkanlar qonşu Elazığ, Adıyaman, Tunceli və Şanlıurfa şəhərlərində də hiss olunub.
AFAD zəlzələdən sonra hər hansı bir dağıntı və ya insan tələfatı barədə məlumat daxil olmadığını bildirib.
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum isə zəlzələdən sonra "NSosyal" media platformasındakı hesabında mövzu ilə bağlı paylaşım edərək deyib: "Battalqazidə baş verən zəlzələdən sonra hazırkı saata olan məlumata görə, hər hansı bir mənfi hal aşkar edilməyib. Buna baxmayaraq, daxil olan bütün bildirişləri diqqətlə qiymətləndiririk".
















