Rusiya rəsmiləri gecə ərzində paytaxt bölgəsinin 400-dən çox pilotsuz uçuş aparatı (PUA) ilə hədəf alındığını, onlardan 85-nin Moskvaya yaxınlaşarkən vurulduğunu və bir neçə ərazidə yanğın baş verdiyini bildiriblər.
Rusiya "Telegram" kanalının yaydığı məlumata görə, Ukraynaya məxsus PUA-lar gecə saatlarında Rusiyanın Moskva vilayətində neft anbarına və logistika obyektinə zərbələr endirib.
Sosial mediada paylaşılan kadrlar neft anbarına edilən hücumdan sonra Kremldən təxminən 40 kilometr cənubda yerləşən Podolsk şəhəri üzərində qatı qara tüstünün yüksəldiyini göstərir.
Moskva merı Sergey Sobyanin gecə ərzində 400-dən çox PUA-nın Moskva vilayətini hədəf aldığını və hava hücumundan müdafiə (HHM) sistemlərinin onların əksəriyyətini zərərsizləşdirdiyini bildirib.
Sobyanin "MAX" platformasındakı hesabında yazıb: "Saat 20:30 (GMT 17:30) ilə 05:00 arasında Moskva vilayəti istiqamətində 400-dən çox düşmən PUA-sı uçub. Onların əksəriyyəti uzaq məsafədə hava qüvvələri tərəfindən vurulub. Moskvaya yaxınlaşarkən isə 85 PUA məhv edilib".
Rusiya ərazisinə hücumlar artır
Son aylarda Rusiya ərazisinə hücumları intensivləşdirən Kiyev bunu dörd ildən çoxdur davam edən Rusiya təcavüzünə cavab addımı kimi qiymətləndirir.
Bundan əlavə, Rusiyanın "TASS" dövlət xəbər agentliyi partlayış nəticəsində üçü xarici vətəndaş olmaqla altı nəfərin Moskva vilayətində xəstəxanaya yerləşdirildiyini xəbər verib.
Xəstəxanadan verilən açıqlamada deyilir: "Müxtəlif dərəcəli qəlpə və partlayış xəsarətləri alan altı nəfər Domodedovo xəstəxanasına yerləşdirilib, onların üçü xarici vətəndaşdır".
Yaralanmaların birbaşa PUA hücumları ilə bağlı olub-olmadığı dəqiq məlum deyil.
Moskvanın cənubunda yerləşən Domodedovo rayonu eyniadlı beynəlxalq hava limanına ev sahibliyi edir.
Məlumata görə, Kolesnikovo kəndində Rusiyanın en böyük onlayn pərakəndə satıcısı olan "Wildberries" şirkətinə məxsus anbarda da yanğın baş verib. Şirkətin paylama mərkəzlərindən birinə zərbə endirildiyi iddia olunur.
Domodedovoda PUA hücumu olduğu ehtimal edilən yaşayış binasında da yanğın qeydə alınıb.
Dəymiş ziyanın tam miqyası hələ ki məlum deyil. Ukrayna ordusu iddialarla bağlı hər hansı şərh verməyib.

















