Gürcüstanda rəsmi səfərdə olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə Gürcüstanın Baş nazir İrakli Kobaxidze paytaxt Tbilisidəki Hökumət Evində bir araya gəliblər.
Təkbətək və nümayəndə heyətləri arasında keçirilən görüşlərdən sonra birgə mətbuat konfransı təşkil olunub. Konfransda çıxış edən İrakli Kobaxidze Gürcüstan və Türkmənistan arasında qarşılıqlı hörmətə əsaslanan əlaqələrin mövcud olduğunu deyib.
İ.Kobaxidze S.Berdiməhəmmədovun Tbilisi səfərinin iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
"Türkmənistan ilə əlaqələrimizi, tərəfdaşlığımızı və dostluğumuzu dərinləşdirməyə xüsusi maraq göstərdiyimizi vurğulamaq istəyirəm", - deyə Baş nazir bildirib.
Baş nazir İ.Kobaxidze Türkmənistan ilə siyasət, ticarət, iqtisadiyyat və mədəniyyət kimi sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsinə böyük önəm verdiklərini ifadə edib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ikitərəfli görüşdə Orta Dəhliz marşrutuna daha çox yükün cəlb edilməsi kimi mövzuların da müzakirə olunduğunu diqqətə çatdırıb.
Prezident Sərdar Berdiməhəmmədov da öz növbəsində görüşdə ölkələr arasındakı münasibətlərin daha da irəliyə aparılması ilə bağlı məsələləri nəzərdən keçirdiklərini dilə gətirib.
Gürcüstanda apardıqları danışıqların nəticələrindən məmnun qaldığını qeyd edən Sərdar Berdiməhəmmədov deyib: "Biz siyasi əlaqələrimizi genişləndirmək, əməkdaşlığımızı və diplomatik səylərimizi artırmaq barədə razılığa gəldik. Beləliklə, münasibətlərimiz daha uzunmüddətli perspektivdə davam edəcək. Gürcüstan Türkmənistanın əsas iqtisadi tərəfdaşıdır. Cənubi Qafqaz Xəzər-Qafqaz marşrutunun bir hissəsidir. Bu xüsusda vurğulamaq istərdim ki, bizim birgə nəqliyyat və logistika portfelimizə çox perspektivli layihələr daxildir. Bunların arasında Əfqanıstan, Azərbaycan və Türkiyəni əhatə edən "Lapis Lazuli" marşrutu var. Həmçinin Türkmənistan, Azərbaycan, Gürcüstan və Rumıniyanı birləşdirən Xəzər dənizi - Qara dəniz dəhlizi kimi mühüm layihələr də bu sıradadır".
Sərdar Berdiməhəmmədov Tbilisi səfəri çərçivəsində Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə də görüşüb. O, daha sonra Baş nazir İrakli Kobaxidze ilə birlikdə Gürcüstan-Türkmənistan Biznes Forumunun açılışında da iştirak edib.
















