SİYASƏT
1 dəqiqə oxuma
İsrail müxalifəti B.Netanyahunu tənqid atəşinə tutub
Buna səbəb ABŞ ilə İran arasında əldə olunan müvəqqəti atəşkəsi B.Netanyahunun dəstəkləməsi olub
İsrail müxalifəti B.Netanyahunu tənqid atəşinə tutub
İsrail müxalifəti B.Netanyahunu tənqid atəşinə tutub / AP
8 aprel 2026

İsrail müxalifət lideri Yair Lapid aprelin 8-də ABŞ–İran arasında müvəqqəti atəşkəsə dəstək verilməsi səbəbilə İsrail Baş naziri Benyamin Netanyahunu sərt şəkildə tənqid edərək bu vəziyyəti “siyasi və strateji uğursuzluq” kimi qiymətləndirib.

Y.Lapid “X” platformasında etdiyi paylaşımda deyib: “Tariximizdə bu qədər böyük siyasi fəlakət görməmişik. Milli təhlükəsizliyimizin mahiyyəti ilə bağlı qərarlar qəbul edilərkən İsrail hətta orada yox idi belə.”

Y.Lapid bildirib ki, B.Netanyahunun təkəbbürü, səhlənkarlığı və strateji planlaşdırma çatışmazlığı nəticəsində yaranan ziyanın aradan qaldırılması illər çəkə bilər. O vurğulayıb ki, ordu və xalq öz vəzifəsini yerinə yetirib, lakin hökumət qarşıya qoyduğu məqsədlərə çatmaqda aciz qalıb.

Y.Lapid paylaşımında əlavə edib: “Ordu ondan tələb olunan hər şeyi yerinə yetirdi və xalq əlindən gələn dəstəyi göstərdi, lakin B.Netanyahu siyasi və strateji baxımdan uğursuz oldu və özü üçün müəyyən etdiyi heç bir hədəfə çata bilmədi.”

Bu açıqlamalar B.Netanyahunun ofisinin İsrailin ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi hücumları iki həftəlik dayandırmaq qərarını dəstəklədiyini bildirməsindən sonra səsləndirilib.

Bununla belə, B.Netanyahunun ofisi iki həftəlik atəşkəsin Livanı əhatə etmədiyini qeyd edib.

Xatırladaq ki, Donald Tramp aprelin 7-də İrana qarşı bombardmanın və hücumların iki həftə müddətinə dayandırılması barədə razılıq əldə olunduğunu açıqlamışdı.

MƏNBƏ:TRT