Pakistan Hərbi Dəniz Qüvvələri Türkiyədə inşa edilən “MİLGEM” sinifli korveti aprelin 4-də ölkənin cənubunda yerləşən liman şəhəri Kəraçidə keçirilən mərasimlə istismara qəbul edib.
Rəsmi açıqlamaya görə, “PN-MİLGEM” sinifinin ikinci korveti olan “PNS Khaibar” Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Navid Əşrəf və yüksək vəzifəli rəsmilərin iştirakı ilə keçirilən mərasimdə donanmanın tərkibinə daxil edilib.
Mərasimdə çıxış edən N.Əşrəf Pakistan Hərbi Dəniz Qüvvələrinin suveren dənizləri qorumaq və ölkənin dəniz sərhədlərinin müdafiəçisi olmaq öhdəliyinə sadiqliyini bir daha vurğulayıb.
“PNS Khaibar”ın və yaxın zamanda xidmətə daxil ediləcək “HANGOR” sinifli sualtı qayıqların Pakistan donanmasının modernləşdirilməsində dönüş nöqtəsi olduğunu bildirən N.Əşrəf bunun əməliyyat çevikliyini, döyüş qabiliyyətini və strateji imkanları artırdığını qeyd edib.
N.Əşrəf bildirib ki, Pakistanın həyati əhəmiyyət daşıyan dəniz ticarəti və enerji dəhlizləri üzərində yerləşən strateji mövqeyi milli maraqların qorunması və təhlükəsiz dəniz nəqliyyat xətlərinin təmin edilməsi üçün güclü donanmanı zəruri edir.
Pakistan Baş naziri Şahbaz Şərif də açıqlamasında son inkişafı məmnuniyyətlə qarşıladığını bildirərək bunu ölkənin müdafiə qabiliyyəti və dəniz sərhədlərinin təhlükəsizliyi baxımından yeni bir mərhələ kimi qiymətləndirib.
Qeyd edək ki, 2018-ci il tarixli saziş çərçivəsində Pakistan Türkiyənin ASFAT şirkətindən dörd “MİLGEM” korveti tədarük edib. Bu gəmilərdən ikisi Türkiyədə, ikisi isə Kəraçi Gəmiqayırma və Mühəndislik Kompleksində inşa olunub. Bu model layihələndirmə, mühəndislik və layihə idarəçiliyi sahələrində bilik transferini də əhatə edir.
“MİLGEM” gəmiləri 99 metr uzunluğa, 2.400 ton suyerimə qabiliyyətinə malikdir və 29 dəniz mili sürətə çata bilir. Sualtı qayıqlara qarşı mübarizə tapşırıqları üçün nəzərdə tutulan bu freqatlar radar tərəfindən aşkarlanması çətin olan xüsusiyyətlərə malikdir.
2019-cu ilin oktyabrında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həmin dövrdə Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Zəfər Mahmud Abbasi İstanbulda keçirilən mərasimdə ilk “MİLGEM Ada” sinifli korvetin metal kəsimi mərasimində iştirak etmişdilər.
Xüsusilə bildirilir ki, Türkiyə döyüş gəmilərini yerli imkanlarla layihələndirib inşa edə və onların texniki xidmətini həyata keçirə bilən 10 ölkədən biri kimi tanınır.
















