TÜRKİYƏ
2 dəqiqə oxuma
Prezident R.T.Ərdoğan İsraili müharibəni dayandırmağa yönəlmiş bütün səyləri pozmaqda günahlandırır
Bölgədə baş verən son hadisələr başladılan “Terrorsuz Türkiyə” prosesinin əhəmiyyətini bir daha ortaya qoyur
Prezident R.T.Ərdoğan İsraili müharibəni dayandırmağa yönəlmiş bütün səyləri pozmaqda günahlandırır
Prezident R.T.Ərdoğan İsraili müharibəni dayandırmağa yönəlmiş bütün səyləri pozmaqda günahlandırır / AA
8 saat əvvəl

Aprelin 7-də (bu gün) paytaxt Ankarada Prezident Sarayında keçirilən Nazirlər Kabinetinin iclasından sonra çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdə 28 fevral tarixində başlayan müharibənin diplomatik səylərə baxmayaraq insan həyatına son qoymağa davam etdiyini qeyd edib.

Ölkə başçısı R.T.Ərdoğan İsraili münaqişəni dayandırmağa yönəlmiş təşəbbüsləri pozmaqda günahlandıraraq deyib: “İsrail hökuməti müharibəni dayandırmağa yönəlmiş bütün səyləri pozmağa davam edir. Silahların susdurulması və danışıqlara imkan yaradılması üçün ən kiçik bir fürsət belə olsa, bundan istifadə etmək üçün səmimi səylər göstəririk. Ümidimiz odur ki, bütün bəşəriyyət üçün hüquqsuz, mənasız, qeyri-legitim və son dərəcə ağır nəticələr doğuran bu müharibə ən qısa zamanda başa çatsın.”

Prezident R.T.Ərdoğan həmçinin Türkiyənin atəşkəsin təmin olunması üçün diplomatik təmaslarını artırdığını bildirib. O, deyib: “Müharibə uzandıqca alovun digər ölkələrə də yayılma ehtimalı ilə bağlı xəbərdarlıqlar etmişik. Münaqişənin 38-ci gününü geridə qoyarkən təəssüf ki, regionumuz üçün eyni narahatlıq hissi keçirməkdə davam edirik. Artan risklər fonunda bir tərəfdən mən Prezident kimi, digər tərəfdən nazirlərimiz diplomatik təmaslarımızı sürətləndiririk.”

Dövlət rəhbəri əlavə edib ki, İsrail “Məscidül-Əqsa”nı bağlı saxlamaqla, fələstinli məhbuslar üçün edam cəzasına çalışmaqla, Livan və Suriyada gərginliyi artırmaqla gərginlikdən bəhrələndiyini açıq şəkildə göstərir.

Prezident R.T.Ərdoğan bildirib ki, bölgədə baş verən son hadisələr daxili birlik və həmrəyliyi gücləndirmək məqsədilə başladılan “Terrorsuz Türkiyə” prosesinin əhəmiyyətini bir daha ortaya qoyur.

Ölkə rəhbəri R.T.Ərdoğan vurğulayıb: “Türklər, kürdlər, ərəblər və farslar arasında divarlar qurulmağa çalışıldığı bir dövrdə, terrorsuz Türkiyə və terrorsuz region vizyonumuzla bu planları puç edə bilərik.”

MƏNBƏ:TRT