SİYASƏT
2 dəqiqə oxuma
ABŞ–İran atəşkəs razılaşmasından sonra gələn qlobal reaksiyalar
Bir çox dünya lideri ABŞ və İran arasında əldə olunmuş atəşkəs razılaşmasını məmnuniyyətlə qarşılayıb
ABŞ–İran atəşkəs razılaşmasından sonra gələn qlobal reaksiyalar
ABŞ–İran atəşkəs razılaşmasından sonra gələn qlobal reaksiyalar / Reuters
8 aprel 2026

ABŞ ilə İran arasında toqquşmaların iki həftəlik dayandırılması barədə razılaşmadan sonra beynəlxalq reaksiyalar gəlməyə başlayıb. Liderlər bu addımı müsbət qarşılayaraq, qalıcı həllə dair ümidlərini ifadə ediblər.

Pakistanın Baş naziri Şahbaz Şərif bunu “ağıllı jest” kimi qiymətləndirərək hər iki ölkə rəhbərliyinə təşəkkürünü bildirib və aprelin 10-da bütün fikir ayrılıqlarını aradan qaldırmağa yönəlmiş yekun razılaşmaya nail olmaq məqsədilə tərəflərin nümayəndə heyətlərini İslamabada dəvət edib.

Ş.Şərif deyib: “Bu ağıllı jesti səmimiyyətlə qarşılayır, hər iki ölkənin rəhbərliyinə dərin təşəkkürümü bildirir və nümayəndə heyətlərini İslamabada dəvət edərək bütün fikir ayrılıqlarını yekun razılaşma ilə həll etmək üçün danışıqları davam etdirməyə çağırıram.”

Misir ABŞ-nin hərbi əməliyyatları dayandırmaq qərarını alqışlayaraq bunu regionda gərginliyin azaldılmasına yönəlmiş müsbət addım kimi qiymətləndirib.

Rəsmi Qahirədən yayılan bəyanatda qeyd olunub ki, bu addım sakitliyin təmin edilməsi, gərginliyin nəzarət altına alınması, həm regional, həm də qlobal sabitliyin qorunması baxımından mühüm inkişafdır. Bəyanatda hərbi əməliyyatların tam dayandırılmasına sadiqlik göstərilməsinin və bu istiqamətdə addımların davam etdirilməsinin, eləcə də diplomatiya və dialoqun irəlilədilməsinin vacibliyi vurğulanıb.

Misir həmçinin beynəlxalq hüquqa və hərəkət azadlığına hörmət göstərilməsinin vacibliyini bir daha qeyd edib, Körfəz ölkələrinin suverenliyi və sabitliyinin qorunmasının əhəmiyyətini vurğulayıb.

Avstraliya hökuməti razılaşmanı müsbət qarşılayaraq bunun münaqişənin həlli istiqamətində mühüm addım olduğunu bildirib. Baş nazir Entoni Albaniz və xarici işlər naziri Penni Vonq birgə bəyanatlarında hökumətin gərginliyin azaldılması səylərinə və danışıqlar yolu ilə həllə dəstəyini ifadə ediblər.

Yeni Zelandiyanın xarici işlər naziri Uinston Piters də aprelin 8-də ABŞ ilə İran arasında əldə olunan iki həftəlik atəşkəs razılaşmasını müsbət qiymətləndirib, lakin qalıcı həll üçün hələ də mühüm işlərin görülməli olduğunu vurğulayıb.

U.Piters “X” platformasında etdiyi paylaşımda deyib: “Bu ümidverici xəbər olsa da, qalıcı atəşkəsin təmin edilməsi üçün qarşıdakı günlərdə görülməli mühüm işlər var.”

ABŞ-da Senatın azlıq lideri Çak Şumer münaqişənin dayandırılmasını müsbət qarşılasa da, prezident Donald Trampın yanaşmasını tənqid edərək deyib: “D.Trampın geri addım atmasından və əsassız öyünməsindən sonra çıxış yolu axtarmasından məmnunam.”

Buna baxmayaraq, İsrailin Baş naziri razılaşmanı zəiflətməyə çalışaraq ABŞ Prezidenti Donald Trampın hücumları iki həftəlik dayandırmaq qərarını dəstəkləsə də, bu fasilə ilə bağlı müəyyən şərtlər irəli sürüb.

Benyamin Netanyahu açıqlamasında İranın Hörmüz boğazını dərhal yenidən açmalı olduğunu və ABŞ, İsrail və regiondakı digər ölkələrə qarşı hücumlarını dayandırmalı olduğunu şərt kimi irəli sürdüklərini bildirib.

Açıqlamada qeyd olunub ki, İsrail İranın artıq regiona və ondan kənara nüvə, raket və ya “terror təhdidi” yaratmasının qarşısını almağa yönəlmiş ABŞ səylərini dəstəkləyir. Bildirilir ki, rəsmi Vaşinqton yaxınlaşan danışıqlarda bu hədəflərə sadiqliyini təsdiqləyib.

Açıqlamada həmçinin iki həftəlik atəşkəsin Livanı əhatə etmədiyi də qeyd olunub.

MƏNBƏ:TRT