SİYASƏT
2 dəqiqə oxuma
ABŞ İrana uranın zənginləşdirilməsini 20 il müddətinə dayandırmasını təklif edib
ABŞ sülh danışıqları çərçivəsində İrana uranın zənginləşdirilməsi fəaliyyətini 20 il müddətinə dayandırması üçün təzyiq göstərir.
ABŞ İrana uranın zənginləşdirilməsini 20 il müddətinə dayandırmasını təklif edib
ABŞ İrana uranın zənginləşdirilməsini 20 il müddətinə dayandırmasını təklif edib / Reuters
4 saat əvvəl

ABŞ sülh danışıqları çərçivəsində İrana uranın zənginləşdirilməsi fəaliyyətini 20 il müddətinə dayandırması üçün təzyiq göstərir. “The New York Times” qəzetinin yüksək vəzifəli rəsmilərə istinadən yaydığı məlumata görə, rəsmi Tehran bazar ertəsi təqdim etdiyi cavabda bu müddətin 5 ildən çox olmamasını təklif edib. ABŞ Prezidenti Donald Trampın İranın bu təklifini rədd etdiyi bildirilir.

Rəsmi Vaşinqton həmçinin Tehrandan zənginləşdirilmiş uranın ölkə ərazisindən çıxarılmasını tələb edib. İran tərəfi isə bu tələbə qarşı çıxaraq materialın ölkədə qalmasını, əvəzində isə onun silah üçün yararsız səviyyəyə qədər azaldılmasını təklif edib. Lakin ABŞ rəsmiləri İranın gələcəkdə bu materialı yenidən zənginləşdirmək imkanını qoruyub saxlayacağından narahatlıqlarını ifadə ediblər. Hazırda danışıqların növbəti mərhələsi müzakirə edilsə də, dəqiq tarix hələ müəyyənləşdirilməyib.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens (JD Vance) "Fox News" telekanalına müsahibəsində İslamabadda keçirilən danışıqlarda irəliləyiş olduğunu və iranlı rəsmilərlə faydalı müzakirələrin aparıldığını bildirib. Vens qeyd edib ki, artıq "top İranın meydanındadır" və Tehranın prosesin davamı üçün nə dərəcədə çeviklik göstərəcəyi əsas sualdır. Onun sözlərinə görə, İranın mövqeyində müəyyən yumşalma hiss olunsa da, bu, hələlik kifayət deyil.

Hörmüz boğazı ilə bağlı məsələyə də toxunan Vens bildirib ki, bu strateji su yolunun statusu istənilən potensial razılaşmanın əsasını təşkil edəcək. Vitse-prezident tərəflər arasında böyük bir razılaşma ehtimalının olduğunu, lakin bunun reallaşması üçün əsas məsuliyyətin İranın üzərinə düşdüyünü vurğulayıb.