DÜNYA
2 dəqiqə oxuma
İran Hörmüz boğazının bütün ticarət gəmiləri üçün açıldığını elan etdi
Rəsmi Tehran bu qərarın atəşkəs müddəti ərzində davam edəcəyini bildirib
İran Hörmüz boğazının bütün ticarət gəmiləri üçün açıldığını elan etdi
İran Hörmüz boğazının bütün ticarət gəmiləri üçün açıldığını elan etdi / Reuters
19 saat əvvəl

İranın xarici işlər naziri Abbas Əraqçi Livandakı atəşkəsə uyğun olaraq bütün ticarət gəmilərinin Hörmüz boğazından keçidinin atəşkəsin qalan müddəti ərzində tam şəkildə açıq qalacağını bəyan edib.

A.Əraqçi aprelin 17-də “X” platformasında etdiyi paylaşımda deyib: “Livandakı atəşkəsə paralel olaraq, İran Limanlar və Dənizçilik Təşkilatı tərəfindən artıq elan edilmiş koordinasiyalı marşrut üzrə bütün ticarət gəmilərinin Hörmüz boğazından keçidi atəşkəsin qalan müddəti ərzində tam açıq elan olunub.”

Bildirilir ki, ABŞ prezidenti Donald Tramp İranın bu açıqlamasını müsbət qarşılayıb. D.Tramp aprelin 17-də “Truth Social” platformasında “TƏŞƏKKÜR EDİRƏM!” sözlərini yazaraq İranın bu kritik gəmi ticarət yolunun “TAMAMİLƏ AÇIQ VƏ TAM KEÇİŞƏ HAZIR” olduğunu elan etdiyini vurğulayıb.

Buna baxmayaraq, D.Tramp rəsmi Tehranla sülh razılaşması əldə olunana qədər ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadasının davam edəcəyini bildirib.

Xəbər verildiyi kimi, ABŞ və İsrailin İrana qarşı hücumlarının 28 fevral tarixində başlamasından bəri boğazdan keçən gəmi sayı son dərəcə azalıb. Gündəlik keçidlər həftəsonu qısamüddətli artım istisna olmaqla, əsasən tək rəqəmli göstəricilər səviyyəsində olduğu bildirilir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında tətbiq etdiyi son qaydalar gəmi sahiblərinin Körfəzdən neft və digər yükləri çıxarmaq üçün həm İran, həm də ABŞ rəsmilərindən icazə almalarını tələb edir. Bu isə yük daşımaları üzərində qeyri-müəyyənliyi artırır.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) aprelin 16-da yaydığı açıqlamada son üç gün ərzində 14 gəminin geri qayıtdığını bildirib və qeyd edib ki, mövcud şəraitdə bir çox gəmi sahibləri boğazdan keçid riskini üzərinə götürmək istəmir.

Qeyd edək ki, ABŞ tərəfindən boğazda tədbiq olunan blokada Oman sahillərindəki Ras əl-Hadd yaxınlığından İran–Pakistan sərhədinə qədər uzanır.

MƏNBƏ:TRT