Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 16-da Somali Prezidenti Həsən Şeyx Mahmud ilə görüşüb. İstanbulda baş tutan görüşdə iki ölkə arasındakı ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, R.T.Ərdoğan rəsmi Ankara ilə Somali arasındakı əlaqələrin, xüsusilə ticarət və enerji sahələrində daha da inkişaf etdirilməsi üçün addımların atılacağını bildirib. Dövlət başçısı "Çağrı bəy" qazma gəmisinin Somali sahillərində kəşfiyyat işlərinə başlamasını iki ölkə arasındakı artan əməkdaşlığın mühüm rəmzi kimi xarakterizə edib.
R.T. Ərdoğan görüş zamanı Türkiyənin Somalinin suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyi bir daha vurğulayıb. O, həmçinin Somali ilə Efiopiya arasındakı ixtilafların həlli istiqamətində diplomatik səyləri davam etdirəcəklərini qeyd edib.
Görüşdə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç, Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran və Türkiyə Prezidentinin Baş müşaviri Zəfər Çubukçu da iştirak ediblər.











