Böyük Britaniya və Fransa bu həftə Hörmüz boğazının yenidən açılmasını təmin etmək məqsədilə 30-dan çox ölkənin hərbi ekspertlərinin iştirakı ilə koordinasiyalı konfrans keçirib. Böyük Britaniyanın Daimi Birgə Qərargahında baş tutan konfransın əsas məqsədi əldə olunmuş son diplomatik razılaşmaları davamlı atəşkəs şəraitində icra edilə biləcək konkret hərbi plana çevirməkdir. Danışıqlar zamanı hərbi imkanlar, komandanlıq və nəzarət mexanizmləri, həmçinin qüvvələrin bölgədə yerləşdirilməsi məsələləri ətraflı nəzərdən keçirilib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin birgə hücumlarına məruz qalan İran martın 2-dən etibarən qlobal neft və qaz ixracı üçün strateji əhəmiyyət kəsb edən Hörmüz boğazında naviqasiya məhdudiyyətləri tətbiq edib. Pakistanın vasitəçiliyi ilə aprelin 8-də əldə olunmuş 14 günlük atəşkəsdən sonra ABŞ və İran arasında növbəti danışıqlar raundu keçirilib. Bu atəşkəs rejiminin müddəti çərşənbə axşamı başa çatmalı olsa da, ABŞ Prezidenti Donald Tramp Pakistan rəsmilərinin xahişini nəzərə alaraq müddəti uzatdığını və Tehrana vahid təklif hazırlamaq üçün əlavə vaxt verdiyini bəyan edib. Hazırda danışıqların yeni mərhələsi üçün diplomatik səylər davam etdirilsə də, Hörmüz boğazının tam açılması ilə bağlı qeyri-müəyyənlik hələ də qalmaqdadır.











