DÜNYA
2 dəqiqə oxuma
İran hakimiyyəti Hörmüz boğazını yenidən bağladı
Tehran rəhbərliyi bu addımı ABŞ blokadası səbəbilə atdığını bildirib
İran hakimiyyəti Hörmüz boğazını yenidən bağladı
İran hakimiyyəti Hörmüz boğazını yenidən bağladı / Reuters

Hörmüz boğazıyla bağlı əldə olunan son məlumata əsasən, boğazdan keçməyə çalışan ticarət gəmilərinə İran Hərbi Dəniz Qüvvələri tərəfindən radio mesajları göndərilərək onların keçidinə icazə verilməyəcəyi bildirilib. İki gəmi isə silahlı atəşə məruz qaldıqlarını bəyan edib.

Məsələylə bağlı “Reuters” xəbər agentliyinə danışan gəmiçilik və dəniz təhlükəsizliyi mənbələri aprelin 18-də ən azı iki gəminin İran katerlərinin atəş açdığını bildirdiyini qeyd ediblər.

Bir gün əvvəl isə dənizçilərə göndərilən və keçidə icazə veriləcəyini, lakin yalnız İranın təhlükəsiz hesab etdiyi dəhlizlərlə məhdudlaşacağını bildirən xəbərdarlıqdan sonra bir çox ticarət gəmisi boğazdan keçməyə cəhd göstərib.

Mənbələrə görə, qeyd edilən hadisə Keşm və Larak adaları arasındakı sularda baş verib. Gəmilər keçidi tamamlamadan geri qayıtmaq məcburiyyətində qalıblar.

Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) qurumu Omanın 20 dəniz mili şimal-şərqində bir insident barədə məlumat aldığını açıqlayıb.

Bir tanker kapitanı bildirib ki, iki İnqilab Keşikçiləri Korpusuna məxsus sürətli kater gəmiyə yaxınlaşaraq atəş açıb. Tankerin və heyətin təhlükəsizlikdə olduğu qeyd edilib.

Bəzi gəmilər İran Hərbi Dəniz Qüvvələrinin VHF radio kanalı vasitəsilə Hörmüz boğazının yenidən bağlandığını elan etdiyini bildirib.

Radio mesajda deyilir: “Bütün gəmilərin diqqətinə: ABŞ hökumətinin danışıqlarda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən İran Hörmüz boğazının yenidən tam bağlandığını elan edir. Növündən və ölkəsindən asılı olmayaraq heç bir gəminin boğazdan keçməsinə icazə verilməyəcək.”

Qeyd edək ki, qlobal neft və mayeləşdirilmiş təbii qaz axınının təxminən 20 faizinin keçdiyi bu kritik su yolundan keçməyi gözləyən yüzlərlə gəmi və təxminən 20 min dənizçi hazırda Körfəzdə çıxılmaz vəziyyətdə qalıb.

MƏNBƏ:TRT