SİYASƏT
1 dəqiqə oxuma
İran ABŞ-nin ticarət gəmisinə müdaxiləsini "dəniz quldurluğu" adlandırdı
İran Xarici İşlər Nazirliyi ABŞ qüvvələrinin ölkə limanlarına tətbiq etdiyi dəniz blokadasını yarmağa çalışan mülki yük gəmisinin ələ keçirilməsini kəskin şəkildə pisləyib
İran ABŞ-nin ticarət gəmisinə müdaxiləsini "dəniz quldurluğu" adlandırdı
İran ABŞ-nin yük gəmisinin ələ keçirilməsini pisləyib / Reuters

İran Xarici İşlər Nazirliyi ABŞ qüvvələrinin ölkə limanlarına tətbiq etdiyi dəniz blokadasını yarmağa çalışan mülki yük gəmisinin ələ keçirilməsini kəskin şəkildə pisləyib. Nazirliyin aprelin 21-də yaydığı bəyanatda bazar günü ABŞ-nin "terrorçu ordusu" tərəfindən İranın "Tuska" ticarət gəmisinə qarşı həyata keçirilən müdaxilənin qanunsuz olduğu vurğulanıb.

Rəsmi Tehran bu hadisəni "dəniz quldurluğu’’ adlandıraraq, insidentin beynəlxalq hüquq normaları ilə yanaşı, aprelin 7-də ABŞ ilə əldə olunmuş iki həftəlik atəşkəs razılaşmasını da kobud şəkildə pozduğunu bəyan edib.

İran tərəfi ölkə bayrağı altında üzən gəminin heyət üzvlərinin və onların ailələrinin dərhal azad edilməsini tələb edib. Bəyanatda həmçinin vurğulanıb ki, İran İslam Respublikası milli maraqlarını, təhlükəsizliyini və vətəndaşlarının hüquqlarını qorumaq üçün bütün mövcud vasitələrdən istifadə edəcək. Bildirilib ki, bölgədə gərginliyin artmasına görə bütün məsuliyyət birbaşa Vaşinqtonun üzərinə düşür.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə "Tuska" yük gəmisinin Oman körfəzində dəniz blokadası qaydalarına tabe olmadığı üçün ələ keçirildiyini bildirib. CENTCOM-un aprelin 20-də yaydığı hesabatda qeyd olunur ki, aprelin 13-dən etibarən İran limanlarına tətbiq edilən dəniz blokadası çərçivəsində ABŞ qüvvələri indiyədək 27 ticarət gəmisini geri qayıtmağa məcbur edib.