Macarıstanın yeni Baş naziri Peter Madyar ölkəsinin beynəlxalq hüquqa sadiq qalacağını bəyan edib. Peter Madyar bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən barəsində həbs qərarı verilmiş Benyamin Netanyahu Macarıstana gəlsə, qanuna uyğun olaraq dərhal həbs edilməlidir.
Bu mövqe əvvəlki hökumətin siyasətindən fərqlənir. Belə ki, 2025-ci ilin aprelində Netanyahu Budapeştə səfər edəndə, o vaxtkı rəhbərlik onu həbs etməkdən imtina etmişdi. Yeni Baş nazir bununla Macarıstanın artıq beynəlxalq məhkəmə qərarlarına laqeyd yanaşmayacağını göstərmək istəyir.
Xatırladaq ki, BCM 2024-cü ilin noyabrında Netanyahu barəsində müharibə cinayətləri və insanlığa qarşı cinayətlər ittihamı ilə həbs qərarı çıxarıb.
Peter Madyar aprelin 12-də rəhbərlik etdiyi Tisza Partiyası ilə seçkilərdə qalib gələrək Viktor Orbanın 16 illik hakimiyyətinə son qoyub. O, həmçinin Macarıstanın BCM-dən çıxma prosesini 2 iyuna qədər dayandıracağını açıqlayıb.
Ekspertlərin fikrincə, Macarıstandakı bu köklü hakimiyyət dəyişikliyi Avropa İttifaqının daha konstruktiv tərəfdaş qazanması deməkdir. Bu dəyişikliyin Ukrayna üçün nəzərdə tutulan 105 milyard dollarlıq kredit paketinin təsdiqlənməsi yolundakı maneələri aradan qaldıracağı gözlənilir. Analitiklər həmçinin Budapeştin Təl-Əvivlə münasibətlərində daha balanslı və beynəlxalq hüquqa əsaslanan "incə düzəlişlər" edəcəyini proqnozlaşdırırlar.
Qeyd edək ki, Orban hökuməti Netanyahunun Avropaya səfəri ərəfəsində Macarıstanın BCM-dən çıxacağını elan etmişdi. Lakin "Bloomberg"in məlumatına görə, may ayında yeni hökumətin vəzifəyə başlaması ilə bu hüquqi proses tamamilə dayandırılacaq və Macarıstan Roma Statutuna sadiqliyini davam etdirəcək.








