"New York Times" qəzetinin görüş haqqında məlumatı olan anonim mənbələrə istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Donald Tramp İranın Hörmüz boğazını yenidən açmaq və ABŞ-İsrail ilə müharibəni dayandırmaq təklifindən narazıdır.
Tramp Tehranın kritik əhəmiyyətə malik su yolundakı ABŞ blokadasına son qoyulmasını da nəzərdə tutan planı barədə aprelin 27-də Ağ Evin Vəziyyət Otağında keçirilən iclasda məlumatlandırılıb.
"Times" qəzetinə danışan bir çox ABŞ və İran rəsmisi bildirib ki, təklifdə İranın nüvə proqramı ilə bağlı nə ediləcəyinə toxunulmayıb.
İran daha əvvəl beynəlxalq hüquq çərçivəsində bu mövzuda haqlı olduğunu iddia edərək, ABŞ-nin bütün uran zənginləşdirmə fəaliyyətlərini dayandırmaq tələblərini və indiyədək zənginləşdirdiyi uranı təhvil verməyi rədd etmişdi.
Trampın tam olaraq hansı məqamdan narazı olduğu qeyri-müəyyəndir, lakin o, uzun müddətdir hər iki nüvə tələbi mövzusunda israr edir.
Ağ Evin sözçüsü Olivia Vels "Times"a verdiyi açıqlamada "Amerika Birləşmiş Ştatları mətbuat vasitəsilə danışıqlar aparmayacaq, qırmızı xətlərimiz mövzusunda dəqiq fikirdəyik və Prezident yalnız Amerika xalqı və dünya üçün yaxşı olan bir saziş imzalayacaq" ifadələrini işlədib.
Sülh danışıqlarına zərbəmi?
"Axios" İranın xarici işlər naziri Abbas Əraqçinin təklifi pakistanlı vasitəçilərə çatdırdığını bildirdikdən dərhal sonra, aprelin 26-da bu təklifi ilk dəfə ictimaiyyətə elan etmişdi.
"Axios"a görə, təkliflə atəşkəs uzun müddətə uzadılacaq və ya qalıcı hala gətiriləcək, nüvə danışıqları isə yalnız boğaz yenidən açılıb məhdudiyyətlər aradan qaldırıldıqdan sonra başlayacaqdı.
Tramp ötən həftə İrandan gələn başqa bir təklifi rədd etmiş və həftəsonu İslamabadda keçirilməsi planlaşdırılan görüşlər ləğv edilmişdi.
ABŞ rəsmiləri "The New York Times"a bildiriblər ki, İranın danışıqlar aparan tərəflərə nüvə proqramı ilə bağlı hər hansı güzəştə getmək səlahiyyəti verməməsi sülh danışıqlarına böyük zərbə vurub.
Trump administrasiyası daxilindəki müzakirələr ABŞ-nin Hörmüz boğazına tətbiq etdiyi blokada və bunun İran iqtisadiyyatına olan zəncirvari təsirləri qarşısında Tehranın nə qədər dözə biləcəyi ətrafında gedir.
"Times"ın xəbərinə görə, neft istehsalı saxlama tutumunu sürətlə aşır və quyuları bağlamaq mümkün olmur. Quyuların bağlanacağı təqdirdə ciddi zərərlərin yaranacağı ehtimalı səbəbindən, administrasiyadakı bəzi şəxslər İranın bu xərcləri qəbul edəcəyinə, bir saziş bağlamağa üstünlük verəcəyini müdafiə edirlər.














