ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Ankaranın "F-35" proqramına yenidən qatılması ilə bağlı problemin sürətli həllinə çağırıb.
“Fox News Digital”a müsahibə verən səfir bildirib ki, yaranmış çıxılmaz vəziyyət diplomatik irəliləyişə ehtiyac olduğunu açıq şəkildə göstərir.
Türkiyənin NATO missiyalarına verdiyi dəstəyi və ortaq təhlükələrə qarşı mübarizədəki rolunu xatırladan Tom Barak bildirib ki, Türkiyə ABŞ üçün çox vacib müttəfiqdir.
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi kimi də fəaliyyət göstərən Tom Barak bildirib ki, Türkiyənin Rusiyadan “S-400” hava müdafiə sistemləri almasına görə “F-35” layihəsindən çıxarılması iki ölkə arasındakı münasibətlərə zərər verib.
Səfir bildirib ki, “S-400” məsələsi ABŞ dövlət katibi Marko Rubionun rəhbərliyi ilə atılacaq addımlar və ABŞ ilə Türkiyə prezidentləri arasındakı dialoq sayəsində yaxın aylarda həll edilə bilər.
Bu yanaşma Vaşinqtonun Ankara ilə strateji tərəfdaşlığı bərpa etmək niyyətini nümayiş etdirir.








